Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti İnarə Babayeva lent.az-a müsahibə verib.
Azreform.info müsahibəni təqdim edir:
- İnarə xanım, öncə istərdim sizi oxucularımıza yaxından tanıdaq.
- Bakıda, İçərişəhərdə doğulub böyümüşəm. Ailəmizdə incəsənət adamı olmayıb. Biləndə ki, ailəmiz lap qədimdən bəy nəsli olub, İçərişəhərdəki 3 mərtəbəli mülk də ondan qalıb, özümü qala divarları arasında şahzadə kimi hiss eləməyə başladım. Uşaqlıqdan xəyalən özümü səhnələrdə görməyə başlamışdım. Yadıma gəlir güzgü qabağında durub özümü təqdim edirdim? Oxuyur qızıl paltarda Xalq artisti İnarə Babayeva.
- Məhz opera sənətini xəyal edirdiniz?
- Yox. Əslində ali məktəbə riyaziyyat üzrə hazırlaşırdım. Uşaqlıdan musiqi məktəbinə getmişəm, əlavə olaraq uşaq xoruna gedirdim. Xorumuzla görüşə tez-tez böyük sənətkarlar gəlirdi. Tofiq Quliyevə Tofiq əmi deyirdim. Müslim Maqomayev, Xuraman Qasımova, Fərhad Bədəlbəylini uşaq xorunda oxuyanda tanımışam. O xorda mənimlə birgə Xalq artisti Xuraman Hacıyeva, Fəridə Məmmədova da oxuyurdu. O vaxt Fərhad müəllim təklif elədi ki, musiqi müsabiqəsində iştirak edim. Müsabiqənin laueratı olub, ordan da musiqi akademiyasına gözəl nəticə ilə daxil oldum. Anam da məni bu sənətə inandırdı. Yeganə ifaçıyam ki, buraxılış imtahanımı Opera və Balet teatrının səhnəsində premyera tamaşası ilə vermişəm. Səhnəni Gürcüstanın Xalq artistləri, beynəlxalq müsabiqələrin qalibləri ilə bölüşdüm.
- Operanın əsas dili italyan dilidir. Yaxşı bilirsiniz bu dili?
- Danışa bilirəm. Operada belə bir tələb var. Oxuduğumuzu anlamalıyıq. Ümumiyyətlə, deyim ki, italyanlar, fransızlar öz operalarına böyük həssaslıqla yanaşırlar, tələb edirlər ki, onların dili düzgün təqdim edilsin. Bizimkilər səsə və görkəmə diqqət edirlər, onlar öz dillərinə. Biz açığıq, hamını sevirik, onlar yox. Onlar bizim onların əsərlərini ifa etməyimizi bir etimad kimi dəyərləndirirlər. Fransada Tuluzda bir əsər oxudum, laureat oldum amma fransızlar dərhal dil haqqında iradlarını da bildirdilər. Yüksək peşəkarlıq istəyirlər. Xalq artisti, Opera və Balet Teatrının rəhbəri Yusif Eyvazov buna görə xaricdə çox bəyənilir.
- Biz xarici opera müğənniləri barədə yaxşı məlumatlıyıq. Bəs xarici izləyicilər bizim ulduzlarımızı tanıyırlar?
- Gedənlər özlərini doğruldublar. Amma bizimkilər xaricə gedib oxumağa çox can atmırlar. Çünki vətənimizə çox bağlıyıq. Getmək, dünyaya açılmaq istəmirik. Elə mən də ailəmi, valideynlərimi qoyub getmədim. Kim gedibsə uğur qazanıb. Bir zamanlar Müslim Maqomayev, daha sonralar Elçin Əzizov, Yusif Eyvazov, Elnarə Məmmədova və başqaları. Bilirəm ki, 30 rolum, tələbələrim, ölkədə yaradıcılıq üçün hər şəraitim var. Gedib gəzib qayıdıram.
- Ailənizdə sizdən başqa musiqiçi var?
- Həyat yoldaşım musiqiçidir. Qızımın 20 yaşı var, yaxşı bəstəkar aranjemançıdır, amma kompüter mühəndisi olmağa qərar verib. 6 dil bilir. Oğlum 5 dil bilir, hələ 10 yaşı var. Yaxşı piano çalır.
- Opera musiqiçi əsas nəyə diqqət etməlidir?
- Saatlarla, günlərlə özünü məşqlərə həsr etməlisən. İtalyan, ingilis dilini yaxşı bilməlisən. Opera möhkəm diafraqma güclü əzələ tələb edir. Aktyor ümumiyyətlə hərtərəfli olmalıdır. Mən vokalla məşğul olmazdan öncə xəstə uşaq idim. Düzgün nəfəs təlimləri ilə sağaldım. Bu önəmlidir. İnsanların çoxu nəfəslə məşqlərə diqqət etmirlər.
- Çoxlu tələbələriniz var. Onların toyda oxumasına icazə verirsiniz?
- Bəli. Mən özüm səhnə həyatıma klubda oxumaqla başlamışam. Məni bu işə xalq artisti Tofiq Aslanov cəlb etmişdi. 1994-cü ildə kvartetlə başladıq. Əvvəl elə bildim sovet dönəmindəki klublar nəzərdə tutulur. Anamla gedib gördük ki, bu restoran kimi elit bir yerdir. Şahin Növrəsli, Salman Qənbərovla və başqa görkəmli sənətkarlarla birgə klubda işləmişəm.
- 30 ildir səhnədəsiniz. Xalq artisti adı üçün gec qaldığınızı düşünmüsünüz?
- Əlbəttə istərdim. Uşaqlıqdan özümü xalq artisti kimi təqdim edirdimsə, bu hədəfə doğru gedirəm demək (gülür). Xidmətlərim də az deyil. Azərbaycanda "Leyli və Məcnun"u aşıqlarla ilk dəfə mən səhnələşdirmişəm, uşaq müziklini mən qurmuşam, həm quruluşçu rejissor, həm ifaçı kimi fəaliyyətim olub. AzTV-də həm solist, həm rejissor kimi fəaliyyət göstərirəm. Opera sənətimiz barədə kitablarım var, dayanmadan yaradıcılıqla məşğulam... Düşünürəm ki, hər əmək mütləq öz bəhrəsini verir.
- Özəl teatr yaratmaq arzunuz var?
- Belə fikrim var.
- 30 illik sənət həyatınız var dediniz. Yəqin ki, maraqlı xatirələr də az deyil.
- Xatirələr çoxdur. 2006-cı ildə "Zooluşka" tamaşasında rolu son anda mənə həvalə etdilər. Kostyum tikilməmişdi. Zooluşkanın bal üçün hazırlanıb bahalı geyimdə səhnədə görünməsi lazım idi, amma paltar tapılmamışdı. Dedim öz gəlinliyimlə səhnəyə çıxacam. Gəlinlik donumu, gəlinlik ayaqqabımı geyinib çıxdım. Ayaqqabım çox bahalı bir brendin məhsulu idi. Svarovski daşlarla bəzənmiş, par-par yanırdı. Tamaşa gedir, Zooluşkanın saraya bala getdiyi səhnə oynanılır, mən bəzənib-düzənirəm. O ayaqqabıları elə tutmuşdum ki, işıqların altında çox parlasın. Səhnə bitdi, paltarımı dəyişəcəkdim. O vaxtkı direktor müavini gəldi ki, ayaqqabıları ver. Dedi ki, zalda böyük bir məmurun balaca qızı oturub, sənin ayaqqabını tələb edir. Ayaqqabımı götürüb apardılar. Bir gün sonra qaytardılar.
1999-cu ildə Azərbaycan Akademik Musiqili teatrın rus bölməsində fəaliyyətə başladım. Rus bölməsində ilk azərbaycanlı aktrisa mən idim. Xalq artisti Afaq Bəşirqızı məndən soruşdu ki, sən niyə rus bölməsində işləyirsən? Dedim rus dilində oxumuşam, aksentim var. Qayıtdı ki, heç utanmırsan? "Sən azərbaycanlısan, öz dilində danışa bilmirsən? Ayıbdı".
Onun bu sözü məni necə silkələdi. O bilirsiz də, sözü nə şəkildə deyir. Zabitəsi var. Mən başladım Azərbaycan dilini mükəmməl öyrənməyə. Sonradan uşaqlarımı da orta məktəbə Azərbaycan dili sektoruna yerləşdirdim.
Bir dəfə də "Riqoletta"nı oynayırdım. Tərəf müqabilim Əli Əsgərov idi. Səhnədə məni bıçaqla vurub öldürməli idi. Sürüşdü, yıxıldı düz mənim üstümə. Başım yerə necə çırpıldısa, huşumu itirdim. Ssenariyə əsasən, o məni öldürməli və meyitimi kisəyə qoymalıydı. Mən özümdən getmişəm o elə bilib tərpənmirəmsə, meyit rolunu oynayıram. Amma ölmürəm. Durub oxumalıyam. Bir də eşitdim ki, tanış bir musiqi səslənir, ayılıb başladım oxumağa. Böyük təsadüflə öz partiyam səslənərkən ayıldım.
Bir dəfə də xaricdə "Bohema" da oynayırdım. Rola görə aktyor məni öpməli idi. Bakıda biz öpüşü imitasiya edirdik. Xarici aktyorla tərəf müqabili idim, heç gözləmədən məni həqiqətən dodağımdan öpdü. Çaşdım və uzun müddət özümə gələ bilmədim. Tamaşaçı zalında həyat yoldaşım da oturmuşdu və mənim çaşqınlığım üzümə yazılmışdı.
- Əriniz nəsə dedi?
- Yox, bəlkə həmin anı tamaşaçılar da imitasiya kimi görmüşdülər.
- Yaradıcılığınızda hansı yeniliklər olacaq?
- İki kitab yazıram. Oktyabrın 4 də Sona xanım Aslanovanın 100 yaşı münasibətilə kitabım çıxacaq. Fransadan, Tuluza Dövlət Operasından təklif almışam. Payızda bu əsərdə oynamaq üçün gedəcəm. 2 ay hazırlıqdan sonra "Riqoletta" tamaşasında oynayacam.
- Operada iş, rejissorluq, televiziya, kitab yazmaq, tələbə hazırlığı, universitetdə müəllimlik... Bu qədər işi necə çatdırırsınız?
- Gendən gəlmə çeviklikdir. Nənəmin 102 yaşı var, ölkəmizin ilk idmançı xanımlarından idi. 71 yaşında hündürdaban ayaqqabıda 3 saatlıq imtahanda məni qapı ağzında gözləyib. Həyat eşqi çoxdur. Həyat enerjim çoxdur, istəyirəm özümdən sonra xeyirxah əməlim, adım, faydalı işim qalsın. Bilim ki, ömür boşa getməyib.
Qeyd: İnarə Babayeva 1977-ci ildə Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil alıb, magistraturanı başa vurduqdan sonra 2005-ci ildə isə akademiyanın aspiranturasını fərqlənmə ilə bitirib. Opera və kamera ifaçısı, vokal müəllimi ixtisasına yiyələnib. Xaricdə və ölkəmizdə 30-dan çox operada əsas partiyaları ifa edib.