Sabirabad rayonunda kimsəsi olmadığı üçün özünü yandırmaq istəyən şəxs cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1971-ci ildə Saatlı rayonunun Afanyeri kəndində anadan olmuş, II qrup əlil O.C. saxlanılaraq, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Özünə xəsarət yetirmək istəyən şəxs məhkəmədə kimsəsiz olduğunu və bu halın onu bezdirdiyini, ağrıları çox olduğu üçün hadisəni törətmək istədiyini deyib:
"Kimsəm olmadığına görə bir şüşə benzini götürüb, özümü yandırıb, öldürmək istədim. Fikirləşdirdim ki, öləndən sonra heç olmasa polislər mənim dəfnimi təşkil edər. Əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm".
Məhkəmənin qərarı ilə O.C. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 50 manat miqdarında cərimə tədbiri tətbiq edilib.