Qəzaya düşən PFL rəhbərliyinin son durumu AÇIQLANDI - YENİLƏNİB - VİDEO

16
Dek
2023
12:07

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü ilə bağlı olub. 

Oxu.Az-ın məlumatına görə, onlar bu məqsədlə mikroavtobus icarəyə götürüblər və gecə saatlarında yola düşüblər.

***

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin vəziyyəti kritikdir, ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

***

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir. 

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır.

Qeyd edək ki, mikroavtobus Ağdam-Xankəndi istiqamətində hərəkətdə olub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.