İranla sərhəddə atəş açıldı - FOTO

6
İyl
2024
12:42

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb.

Azreform.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıb.

"Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri 1981-ci il təvəllüdlü Tarıverdiyev Anar Rafayil oğlu və 1983-cü il təvəllüdlü Carçıyev Sərvər Mehman oğlu olması müəyyən edilib, üzərilərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilib.