Paytaxtın növbəti dəfə inşaat şirkətlərindən biri sakinlərin evlərini gecə saatlarında sökməyə başlayıb.
Azreform.info -ın məlumatına görə, gecə saatlarında Bakının mərkəzində “Delux” inşaat şirkətinin əməkdaşları bir neçə ailənin evini qanunsuz şəkildə söküblər.
Yayılan görüntülərdə söküntü işləri zamanı ərazidə yaşayış olması öz əksini tapıb.
Evlərinin söküldüyünü görən sakinlər arasında halı pisləşənlər də olub.
DİN-in Mətbuat Xidmətindən Azreform.info -a bildirilib ki, Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır.
Bildirilib ki, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər.
Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.
Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, bundan əvvəl də Paytaxtın Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində Afət Quliyevaya məxsus mənzildə qanunsuz söküntü işləri aparılıb.
Baş verən hadisəyə görə “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi açılıb.
Azreform.info