Fransa və Hindistan tonqala benzin tökür

20
İyn
18:06
Xatırlayırsınızsa, Prezident İlham Əliyev 2023-cü ilin dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı Ermənistanı revanşizmə təhrik edən və onu silahlandıran ölkələr haqda danışarkən Fransa və Hindistanı Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökməkdə və Ermənistanda qeyri-real fikirlər, xam xəyallar formalaşdırmaqda ittiham etmişdi. Dövlətimizin başçısının həmin ittihamları haqlı ittihamlar idi. Çünki bu ölkələr həqiqətən də Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmağa və özlərinin regional maraqlarını təmin etməyə çalışırlar.

Rəsmi Bakının İrəvanla münasibətləri normallaşdırmaq, delimitasiya prosesini sürətləndirmək cəhdlərinə baxmayaraq, məhz Hindistan və Fransa kimi qızışdırıcı mövqe tutan dövlətlərin ucbatından yekun sülh sazişinin imzalanması hələ də mümkün olmayıb. Xüsusən də Fransanın Ermənistanı ciddi-cəhdlə silahlandıraraq onu yeni müharibəyə sürükləməsi bizə bunu deməyə əsas verir ki, Fransa və onun müttəfiqləri Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasını əngəlləmək üçün hər cürə çirkin vasitələrə əl atmağa davam edəcəklər. İyunun 18-də Fransanın Ermənistanla “Caesar” özüyeriyən artilleriya qurğularının satışı barədə müqavilə imzalaması da bu acı həqiqəti təsdiqləyir. Bu gün Azərbaycanla sülh bağlamaq barədə düşünməli olan bir ölkənin hücum təyinatlı silahlarla təchiz edilməsi Fransa, Hindistan kimi ölkələrin gerçək simasını ortaya qoyur.

Əfsuslar olsun ki, Ermənistanı Azərbaycana qarşı silahlandırmaq və Ermənistan ərazisinə ordu göndərmək, hərbi baza yaratmaq planlarını gizlətməyən Fransa, Hindistan kimi ölkələrin ABŞ tərəfindən də dəstək görməsi qətiyyən sülhə xidmət etmir. Ermənistanda səfərdə olan ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Vermanın, bu səfəri çərçivəsində Hindistan və Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb geniş müzakirələr aparması sıradan bir hadisə deyil. Hərçənd ki, Ermənistanın qlobal arenada artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlarla isti və məhsuldar görüş keçirdiyini qeyd edən R.Verma özünün “X” hesabında “biz birlikdə Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik” deyə sülhpərvərlik görüntüsü yaratmağa cəhd etsə də, ancaq hər kəsə gün kimi aydındır ki, hazırda Cənubi Qafqazda sülhə mane olan, Ermənistanı silah cəbbəxanasına çevirməyə davam edən ölkələrin başında gələnlər məhz Fransa və Hindistandır. Ona görə də amerikalı diplomatın verdiyi “Biz birlikdə Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik” açıqlaması əslində gözdən pərdə asmağa və həqiqətləri ört-basdır etməyə xidmət edən riyakarlıq nümunəsidir.

Lakin bütün hallarda anti-Azərbaycan qüvvələrin şər yuvası olan İrəvanda bir araya gəlib Cənubi Qafqazda regional sabitliyə və təhlükəsizliyə təhdid yaradan planlar cızması sonda iflasa uğrayacaq. Çünki Azərbaycan kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını almaq üçün nə etməli olduğunu yaxşı bilir. Ermənistanı silahlandırmaq ermənilərin xeyrinə yox, ziyanına olacaq. Çünki bir ölkəni sadəcə təpədən dırnağa silahlandırmaqla onu qalib ölkəyə çevirmək mümkün deyil. Bu mənada Prezident İlham Əliyevin tarixi açıqlaması Ermənistanı silahlandıranlara dərs olmalıdır: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir”. Ona görə də, 44 günlük müharibədə və lokal antiterror əməliyyatında darmadağın edilən ermənilərin məğlub ruhunu fransız silahlarıyla bərpa etmək mümkün deyil.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri