Onlar da Rusiyanı tərk edirlər

17
İyn
22:07

2023-cü ildə Rusiyada 32 minə yaxın xarici yüksək ixtisaslı mütəxəssis (HQS) çalışıb ki, bu da Ukraynada müharibə başlamazdan əvvəlkindən 12 min nəfər azdır.

Azreform.info xəbər verir ki, bu qənaətə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun əməkdaşı Yuliya Florinskaya gəlib.

Onun araşdırmasına dair material hazırlayan “Vedomosti” nəşri qeyd edir ki, “Rusiyaya əmək miqrasiyası: az dəyişən coğrafiya fonunda axınların azalması” adlı araşdırmasında Florinskaya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin HQS üçün iş icazələrinin sayı ilə bağlı məlumatlarına əsaslanıb. Bu, Rusiyada belə mütəxəssislərin sayını mühakimə etməyə imkan verən yeganə statistika mənbəyidir.

HQS üçün icazə üç ilə qədər müddətə verilir və mütəmadi olaraq yenilənmə tələb olunur. Qeydiyyatların ümumi sayına həm yeni gələnlər, həm də Rusiyada işləməyə davam edənlər daxildir.

Bundan əvvəl hökumət HQS statusu almaq mümkün olan 180 peşənin siyahısını təsdiq edib. Bunlar əsasən tibb, mühəndislik, texniki və idarəetmə ixtisaslarıdır. HQS digər əməkçi miqrantlardan bilik və bacarıq səviyyəsinə, eləcə də əmək haqqının həcminə görə fərqlənir.

RANEPA əməkdaşının araşdırması göstərdi ki, Rusiyada HQS statusu əsasən MDB-dən kənar ölkələrdən olan insanlara verilir. Ötən il liderlər Çin (HQS üçün müraciətlərin 33 faizi), Türkiyə (28 faizi), Hindistan (12 faizi), Cənubi Koreya (3 faizi) və Serbiya (2 faizi) olub. Florinskaya qeyd edib ki, son beş ildə Ukrayna və Almaniyadan olan miqrantlar da ilk 5-liyə yaxın olublar, lakin hazırda onların sayı kəskin şəkildə azalıb.

“Finval” şirkətinin MDB-dən kənar şöbəsinin rəhbəri Sergey Suvorov (qeyri-MDB ölkələrindən işçilərin seçilməsi və işə götürülməsi üzrə ixtisaslaşmış) deyir ki, rəsmi statistikadan istifadə edərək yüksək səviyyəli əcnəbi mütəxəssislərin real sayını müəyyən etmək mümkün deyil. Onun sözlərinə görə, HQS statusundan tez-tez rusiyalı işəgötürənlər “viza”lı miqrantlar üçün kvotaları qeyri-qanuni şəkildə keçmək üçün istifadə edirlər. Bəzən oxşar sxemdən ölkəyə asanlıqla daxil olmaq istəyən xarici iş adamları, ilk növbədə çinlilər də istifadə edirlər. Suvorov qeyd edib ki, onlar Rusiya şirkətlərinə HQS vasitəsilə əmək haqqı ödəyirlər, lakin əslində öz bizneslərini idarə edirlər.

Bunu Federal Miqrasiya Xidmətinin keçmiş direktor müavini Vyaçeslav Postavnin də təsdiqləyib: “Bizdə həqiqi mütəxəssisləri adi işçilərdən ayırmaq mexanizmi yoxdur”.(musavat.com)