Hacıbaba Əliyev adına Quba şəhər 1-saylı tam orta məktəbində insident yaşanıb.
Azreform.info “7Times.az”a istinadla xəbər verir ki, məktəbin pedaqoji kollektivi təhsil müəssisəsinə yeni direktor təyinatı xəbərinə kütləvi halda etiraz edib.
Onlar bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirərək, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırıblar.
Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda məlumat verilib.
Məlumata görə, həmin məktəbə Quba rayonunun Alekseyevka kənd orta məktəbinin ibtidai sinif müəllimi Sevil Allahverdiyeva adlı şəxsin direktor təyin edilməsi üçün müvafiq razılaşmalar əldə edilib. Ondan bu posta rəhbər təyin edilməsi müqabilində 30 min manat pulun rüşvət qismində alındığı iddiaları da mövcuddur. Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də, ”razılaşma”nın Quba-Xaçmaz Regional Təhsil İdarəsinin bir müddət bundan əvvəl işdən azad edilən müdiri Rüfət Hacıyev tərəfindən təmin edildiyi bildirilir.
Məsələ barədə cavab verən 1-saylı tam orta məktəbin direktor əvəzi Şəbnəm Cılğamlı sözügedən olayın baş verdiyini təsdiq etsə də, bu barədə hər hansı bir məlumat verə bilməyəcəyini qeyd edib.