Şuşa bizim əyilməz ruhumuzun rəmzidir

12
May
2024
13:19

 

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gələrək ərazi bütövlüyünü bərpa etdi. Otuz illik erməni işğalına son qoymaqla rəsmi Bakı regionda yeni geosiyasi mənzərənin bünövrəsini qoydu. Dörd il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlamış Vətən müharibəsinin gedişində, noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinin birdəfəlik həllini təmin etdi.

Qeyd etmək lazımdır ki, 2003-cü ildən həmin tarixi günə qədər ötən bütün dövr ərzində ərazi bütövlüyümüzün bərpa olunması Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Həmin illərdə atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyev öz müdrik siyasəti və əzmkarlığı ilə tarixin gedişini dəyişdi, Qarabağ münaqişəsini parlaq Qələbə ilə başa çatdıraraq bütün mənasız proqnozları, qərəzli yanaşmaları alt-üst etdi.

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tamamilə məhv edilmiş, dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşaması üçün hər cür müasir şəraiti yaradır. Ən əsası isə bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Baxın, budur qüdrətli dövlət, güclü iqtisadiyyat. Artıq keçmiş məcburi köçkünlərin də bir qismi öz yurdlarına dönüb.

Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

İndi Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdirIşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəklində təqdim olunur.

Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Artıq Fond tərəfindən Şuşada Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və ötən ildən istifadədədir. Mayın 10-da isə Mamayı məscidinin bərpadan sonra açılışı baş tutdu. Bütün bunlar, ilk növbədə, Mehriban xanım Əliyevanın vətənpərvərliyinin və tariximizə, mədəniyyətimizə, incəsənətimizə olan böyük məhəbətinin göstəricisidir.

Şuşada dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur

Bütün xalqımız üçün əziz və son dərəcə əlamətdar olan bir gündə, may ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərə onlar üçün inşa edilmiş mənzillərin açarlarını təqdim etdilər. Bu tarixi hadisənin məhz Ulu Öndərimizin doğum gününə təsadüf etməsi əlbəttə ki, böyük rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi və buna bütün varlığı ilə inanırdı ki, biz Şuşaya da, bütün digər şəhər və kəndlərimizə də mütləq qayıdacağıq. Bu gün bütün dünya Ulu Öndərimizin bu sözlərinin gerçəkləşdiyinə şahiddir.

Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi