Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib

26
Apr
2024
22:26

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) rəhbəri Azər Allahverənov və bu koalision təsisatın digər təsisçilər ilə görüşüb.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. MƏP nümayəndələrinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurada təmsil olunduğu dövrdə də fəallığına diqqət çəkən sədr, platformanın yaradılmasının müsbət bir təcrübə olduğunu qeyd edib.

Əlavə edib ki, belə təşkilatların cəmiyyəti narahat edən müxtəlif sahələrə töhfə verəcəyinə, o cümlədən bu proseslə məşğul olan ictimai şuraların da sonradan belə platformalar yaratmasına təkan olacağına inanır.

Ölkəmizdə çox sayda vətəndaş cəmiyyəti institutunun fəaliyyət göstərdiyini vurğulayan B.Muradova qeyd edib ki, qeyri-hökumət təşkilatları konkret istiqamətlər üzrə peşəkarlaşmalı, müvafiq sahənin işinə töhfə verməli və belə əməkdaşlıq platformalarının yaradılmasında yaxından iştirak etməlidir.

Tarixi Zəfərin ölkəmizdə hər bir sahədə daha sürətli inkişafa təkan verdiyini vurğulayan sədr, dövlət orqanlarının fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı əməkdaşlıq etdiyinə diqqət çəkib. O, çıxışının sonunda müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və MƏP-in gələcəkdə Komitənin fəaliyyət istiqamətləri ilə bağlı məsələlərə daha geniş yer ayıracağına ümidini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov, təşkilatın yaradılması tarixindən və qısa müddətdə həyata keçirdiyi fəaliyyətlərdən danışıb.

Miqrasiya sahəsinin çoxşaxəli və maraqlı bir sahə olduğunu deyən sədr, Azərbaycanda miqrasiya proseslərinin aktiv olduğunu qeyd edib. Platformanın reallaşdırdığı fəaliyyətlərin nəticələrindən söz açan A.Allahverənov, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb, gələcəkdə fəaliyyət istiqamətlərinin daha da genişlənəcəyini bildirib. O, Azərbaycanda bu sahədə yeganə koalisiya olan MƏP-in Komitə ilə əməkdaşlığa önəm verdiyini, hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşün davamında Komitənin yenilənmiş Uşaq Məlumat Bankı, gender bərabərliyinin təmin olunması, erkən uşaqlıq dövründə inkişaf, vətəndaşların ailə üzvlərinin repatriasiya və readmissiyası istiqamətində fəaliyyəti, Azərbaycan hökuməti adından beynəlxalq təşkilatlar qarşısında təqdim etdiyi hesabatlarla bağlı məlumat verilib və müvafiq sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.