"Xəbərdarlıq etdi ki, özünü itirmə, söyüş söyməlisən"

26
Apr
2024
17:56

"Kinostudiyada işlədiyim müddətdə mənim Rasim Ocaqovla yaradıcılıq tandemim yaranmışdı. "Ölsəm, bağışla" filmində baş qəhrəmanı, daha sonra bir filmində rus aktrisasını səsləndirmişdim. "Təhminə" filmi həyatımda ikinci bir ajiotaj, səs-küy yaratdı. Rasim Ocaqov Təhminəni səsləndirməyə məni özü dəvət etdi. Biz işləməyə başlayanda mənə xəbərdarlıq etdi ki, bax burada elə səhnələr var ki, özünü itirmə, söyüş söyməlisən, bu roldur, bunu demək lazımdır, etməlisən. Səsləndirmə vaxtı otaqda kollektivin üzvlərindən az sayda adam var idi. O hər şeyi nəzərə almışdı ki, mən utanıb çəkinməyim. Heç kimi görmədən, heç kimə baxmadan sadəcə, ekrana baxıb o səsləndirməni etmişəm"
 
Bunu moderator.az-a açıqlamasında Əməkdar artist Nəcibə Hüseynova deyib. O daha sonra bildirib ki, uzun müddət tamaşaçılar bu səsin kimə məxsus olduğunu bilməyib.

"Uzun müddət heç kim bilmirdi ki, Meral Konratı kim səsləndirib? Mən də buna çox sakit, səsləndirdiyim filmlərdən biri kimi yanaşmışam. Amma sonra "Burç FM" radiosuna məni dəvət etdilər. Aparıcı Zaur Kamal idi. Arada fasilələrdə anons verirdi ki, çox maraqlı açıqlamalar olacaq, bizdən ayrılmayın. Mən də fikir vermirdim ki, nədən danışır. Birdən-birə dedi ki, bu gün biz bir sirrin üstünü açacağıq. Növbəti anons vaxtı dedi ki, Təhminə rolunu səsləndirən Nəcibə xanım qonağımızdır. Mən efir vaxtı şoka düşdüm ki, bu necə bilir? Mən hələ də bilmirəm ki, o bu xəbəri hardan öyrənmişdi? Bunu radioda elan edəndən sonra kim verilişə qulaq asmışdısa, hamı bildi. Amma indiyə qədər bilməyənlər də var", - deyə aktrisa bildirib.
 
Nəcibə Hüseynova bildirib ki, bir çox səbəblərdən çəkilən filmləri yenidən səsləndirmə imkanı yaranır.

"Filmin müəllifi rejissordur. Çünki o tam filmi bilir. Və bilir ki, istəyi nədir? Həmin aktrisanın qarşısına hansı məqsəd qoymuşdu?! Bəlkə həmin aktrisa hansısa epizodda onun öhdəsindən gəlməyib. Biz onu intonasiya ilə səsləndirmədə düzəldirik. Aşırı dərəcədə olanda biz onu yumşaldırıq. Yaxud da bəzən kiminsə işi çıxır, ölkədə olmur. Ona görə həmin aktrisanı biz səsləndiririk", - deyə o bildirib.