Fuad Əliyev: Şübhəniz varsa, bizimlə əlaqə saxlamağınızı məsləhət görə bilərəm

14
Apr
2024
18:48

Bu günlərdə iş tapmaq asan məsələ deyil. Bundan əlavə, fırıldaqçılarla qarşılaşmaq və nəticədə nəinki iş tapmaq, həm də pul itirmək riski var. Bəs bizi məşğulluq sahəsində hansı təhlükələr gözləyir və onlardan necə qaçmaq olar?

Artıq bir neçə ildir ki, fırıldaqçılar iş axtaran vətəndaşları aldatmaq üçün sadə üsula əl atırlar. Hüquq-mühafizə orqanları dəfələrlə ayıq-sayıq olmağa çağırıblar, amma təəssüf ki, hələ də sadəlövhlər kifayət qədərdir.

Təcili işə ehtiyacı olanları və buna görə də hər şeyə inanmağa hazır olanları başa düşmək mümkündür, lakin fırıldaqçılar məhz buna arxalanırlar. Onlar tanınmış şirkətlərə iş elanları verir, bəzən bu məqsədlə saxta saytlar yaradırlar. Vətəndaşlara qeydiyyat üçün müəyyən məbləğ ödədikdən sonra işlə təmin olunacağı vəd edilir. Bundan başqa, Qarabağda əhalinin yaşayış yeri ilə təmin olunması ilə bağlı saxta reklamlar da peyda olub.

Ötən il zərərçəkmişlərin çoxsaylı müraciətləri ilə əlaqədar əvvəllər məhkum olunmuş paytaxt sakini “TikTok”da  iş vədi ilə elanlar yerləşdirdiyinə görə saxlanılıb. O, 181 nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb.

Fırıldaqçılıqla təkcə virtual olaraq deyil, həm də sabun köpüyünə çevrilən bir məşğulluq firmasına etibar etməklə qarşılaşa bilərsiniz.

– Müstəqil Həmkarlar Birliyinin mövcud olduğu bir il ərzində məşğulluq sahəsində dələduzluq faktı ilə üzləşmiş 4 nəfər quruma müraciət edib. Onlar kömək istədilər, biz öz növbəmizdə hüquq-mühafizə orqanlarına müraciət edərək yardım etdik”, - deyə “Kaspiy” qəzetinə Birliyin sədri Fuad Əliyev bildirib.

– Əvvəllər tez-tez belə hallar olurdu ki, vətəndaşa müəyyən məbləğ ödəyəcəyi təqdirdə  işə düzəltmək barədə fərdi qaydada söz verilirdi. Minlərlə manatdan söhbət gedir. Hal-hazırda, iş tapmaqda kömək göstərməklə məşğul olan "bir günlük" şirkətlərinin yaradılması haqqında getdikcə daha çox eşitmək olar. Bizə şikayətlə gələnlər əlaqə saxladıqları şirkətlərin konkret ünvanını, telefon nömrələrini verdilər, lakin təbii ki, o vaxta qədər orada heç kim yox idi. Həmin şirkətlər bağlanmışdır.

Qeyd edim ki, yerli hüquq-mühafizə orqanları belə faktlara hər zaman operativ reaksiya verib, dələduzları aşkar ediblər. Bu şirkətlər vətəndaşların etimadını qazanır və onlardan pul alırlar - blanklara, qeydiyyata və digər xidmətlərə görə. Məbləğlər dəyişir - min manat və daha çox. Belə şirkətlərin işçiləri müştəriləri əmin edirlər ki, onlara yaxşı vakansiyaları olan şirkətlər müraciət edir. Əsasən özəl təşkilatlarda ofis işləri vəd edirlər. Lazım olan məbləği aldıqdan sonra müştərilərə ”zavtrak” yedizdirməyə başlayırlar, sonra isə ofisləri tamamilə bağlayırlar. “Qurban” isə nə edəcəyini bilmir: işə düzəlməyib, pul itirib”, - həmsöhbətimiz deyir.

 

Fuad Əliyevin sözlərinə görə, onlarla təkcə işə düzəlmə dələduzluğu ilə bağlı müraciət edilməyib. Elə bir hadisə olub ki, xaricdə universitetdə oxumaq istəyən qız gəlib və saxtakarlıqla üzləşib.

“O, başqa ölkədə təhsil almaq istəyirdi, bunun üçün ona kömək edəcəyini vəd edən mərkəzə müraciət etdi. Onlar qızın Türkiyədə təhsil almasını təşkil etdiyinə görə 3500 manat pul tələb ediblər, amma heç bir iş görməyiblər. Bu bir il uzandı, sonra ona dedilər ki, daha 500 manat versə, Polşada oxuya bilər. Təbii ki, bunun saxta olduğu ortaya çıxdı. Bir il yarım gözlədikdən sonra o, bizə müraciət etdi və biz ona məbləğin böyük hissəsini qaytarmağa kömək edə bildik.

Ona görə də vətəndaşları xaricdə işləmək və ya təhsil almaqla bağlı şirkətlərə müraciət edərkən sayıqlığını itirməməyə çağırıram. Təbii ki, bazarda vətəndaşlara həqiqətən kömək edən, onları xarici universitetlərə oxumağa göndərən agentliklər var, bəs biz hansı şirkətin vicdanlı, hansının vicdanlı olmadığını necə başa düşmək olar? Şübhəniz varsa, bizimlə əlaqə saxlamağınızı məsləhət görə bilərəm, yoxlayacağıq. Qeyd edim ki, göstərdiyimiz xidmətlər tam pulsuzdur”, - deyə Fuad Əliyev bildirib.