Bakı dekabrın 5-dən 8-dək Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) ev sahibliyi edir.
"Offsideplus.az" xəbər verir ki, bununla bağlı olaraq Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub. 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem və başqa qonaqlar Azərbaycanda səfərdədir. Tədbirdə iştirak edənlər arasında FIFA-nın baş katibi Fatma Samoura da var. AFFA dünyanın ali futbol qurumunun rəsmisinin ölkəmizdə olmasından istifadə edərək onunla görüş təşkil edib. Şənbə günü baş tutacaq tədbirdə federasiyanın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Fatma Samoura iştirak edəcək. Görüşdə AFFA ilə FIFA arasında olan əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.