“Taksi xidmətinin fəaliyyətini tənzimləmək üçün rəqabətli mühitə şərait yaratmaq lazımdır. Bu sahədə islahatlar, müsbət dəyişikliklər həyata keçirmək üçün məhdudlaşdırıcı qərarlar verilməsi problemin həllinə kömək etməyəcək. Fikrimcə, aidiyyatı orqanlar, həmkarlar təşkilatları, hüquq müdafiəçiləri, nəqliyyat ekspertləri, taksi şirkətlərinin rəhbərləri və təcrübəli bir neçə taksi sürücüsünün iştirakı ilə dəyirmi masa təşkil etmək, müzakirələr aparmaq, tərəflərin mövqeyini, təkliflərini dinləmək daha yaxşı olardı. Çünki indiki vəziyyət narazılığa səbəb olur”.
Bu fikirləri Tribunainfo.az-a Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu bildirib.
X.Teyyublu hesab edir ki, taksi sahəsində problemləri ən çox bilən elə sürücülər və şirkət sahibləridir. O, təklif edir ki, taksi xidmətinin keyfiyyətli olması üçün qoyulan məhdudiyyətləri aradan qaldırmaq yaxşı olardı:
“Taksidə rəng tələbi problemin həlli üçün çıxış yolu deyil. Əslində dünyada qəbul edilmiş taksi rəngi sarıdır. Eyni zamanda, taksi dayanacaqları yaratmaq lazımdır. Bakıda bu problem ən ciddi məsələdir. Ona görə də dövlət qurumları məsələlərə yenidən baxmalı, ictimai müzakirə təşkil etməlidirlər”.