1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman həqiqətlərə işıq salınmasında əhəmiyyətli rol oynadı. 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur.
30 mindən çox azərbaycanlı erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu da, təbii ki, erməni millətçilərinin uydurduqları, heç vaxt mövcud olmayan “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi cəhdləri idi. Bu çirkin siyasət tarix boyu soydaşlarımıza qarşı etnik təmizləmələrə, deportasiyalara və soyqırımılara səbəb olmuş və tarixin müəyyən mərhələlərində özünü göstərmişdir.
31 Mart hadisələri zamanı yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar da dağıdılmışdır: “Yəni bu əməllər erməni millətçilərinin xain xislətinin, vəhşi təbiətinin təzahürləridir ki, gözlərinə görünən, qarşılarına çıxan hər şeyi məhv edirlər. Qocalara, qadınlara, uşaqlara belə rəhm etməyən cəlladlar hətta insanlığa sığmayan ən qəddar üsullara da əl atıblar. Bunu Quba qırğını bir daha sübut edir. Belə ki, orada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Demək olar ki, onların hamısı balta, xəncərlə öldürülüb, başları bədənlərindən qopardılıb. Bəzi kəllə sümüklərində mismarlar da aşkarlanıb. Bu, bir daha həmin hadisələrin hansı qəddarlıqla törədildiyini gözlər önünə sərir”. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Ermənistanın əsassız torpaq iddiaları 1988-ci ildə yenidən baş qaldıraraq Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu: “Azərbaycan 30 il dünya güclərindən ədalət gözlədi. Bəzi dünya gücləri öz maraqlarını həyata keçirmək üçün işğalçı Ermənistandan bir vasitə kimi bəhrələndiklərindən erməni sevgisini nümayiş etdirib onlara dəstəkləri ilə münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb oldular. Yenə də son sözü tarixi ədalət və beynəlxalq hüquq dedi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi tariximizin Zəfər səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli Azərbaycan Ordusu dünya güclərinin 30 ildə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan tarixi torpaqlarına qovuşmaqla sübut etdi ki, real həqiqətlərə, tarixi faktlara əsaslan siyasət uğurlara yol açır, ədalətin, beynəlxalq hüququn maraqların arxasında əriməsinə imkan vermir.
Son 30 ilin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir. Ermənilərin Xocalı soyqırımını törətməkdə məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımız azad edilməklə yeni reallıqlar yaradıldı. “Dəmir yumruq” qalib gəldi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
Hər il 31 mart tarixində qeyd etdiyimiz Azərbaycanlıların Soyqırımı Günü bizə tarixi yaddaşımızı, ədaləti bərpa hisslərimizi qaytarmaqla, həm də gələcəyimizə ayıq baxmağımızı təmin edir. Biz bir daha tarixi unutqanlığa yol verə bilmərik. Bunun üçün bir xalq və dövlət olaraq güclü və qüdrətli olmalıyıq. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin, erməni işğalının bütün qurbanlarının qisasını düşməndən döyüş meydanında aldıq”.
Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri