Saçlarını düzləşdirən 26 yaşlı qadında böyrək çatışmazlığı yarandı

30
Mar
2024
01:07

26 yaşlı, tunisli qadın saç kremi səbəbiylə böyrəyini itirmək riski ilə üzləşib.

Medicina.az xəbər verir ki, adı açıqlanmayan qadının tərkibində qlikoksilik turşusu olan məhsullardan istifadə etdikdən sonra orqan çatışmazlığından əziyyət çəkdiyi məlum olub.
Bu barədə məlumat “New England Journal of Medicine” jurnalında dərc olunub.

Məlumata görə, qadın ürəkbulanma, qusma, ishal, qızdırma və bel ağrısı şikayətləri ilə xəstəxanaya çatdırılıb.

Qadın sözügedən saç vasitələrini istifadə etməzdən əvvəl səhhətində heç bir problem olmadığını, lakin kimyəvi maddələr tətbiq edildikdə baş dərisində yanma hiss etdiyini bildirib.

Məlum olub ki, o, 2020-ci ilin iyununda, 2021-ci ilin aprelində və 2022-ci ilin iyulunda üç dəfə eyni saç salonunda on faiz qlioksilik turşudan ibarət proseduradan keçib.

Xəstəxanada testlər onun qanında tullantı məhsul olan kreatinin səviyyəsinin normadan xeyli çox olduğunu göstərib.

Həkimlər xəbərdarlıq ediblər ki, saç düzləşdirmə prosedurlarında istifadə olunan qlioksilik turşu və onun törəmələri dəridən qana sızaraq daxili orqanlara keçə bilər. Son nümunədə olduğu kimi, oradan da böyrəklərə gedib çıxır və orqan çatışmazlığına səbəb olur.

Həkimlər qlioksilik turşunun orqan daxilində uzun kristallara parçalanaraq daş əmələ gətirdiyini və orqanların düzgün işləməsinə mane olduğunu bildiriblər.

Qeyd edək ki, qlioksilik turşu saçın strukturunu müvəqqəti olaraq dəyişdirərək buruq saçları düzləşdirməyə imkan verir.