Yazda qızılca yenidən ALOVLANA bilərmi? - Professordan AÇIQLAMA 

29
Mar
2024
16:35

Son 3 ildə Azərbaycanda qızılcaya yoluxma sayı minimuma ensə də ötən ilin payızından qızılcaya yoluxanların sayı kəskin artıb. Əsasən uşaqlar, məktəblilər arasında yayılan xəstəliyin ağırlaşması səbəbindən bir neçə uşaq həyatını itirib. Yaşlı insanların da xəstəliyə yoluxması və xəstəliyi ağır keçirməsi faktları qeydə alınıb. Bu səbəbdən müvafiq qurumlar əhali arasında peyvəndlənməyə başlayıb.

2023-cü ilin payızından tez-tez mətbuatda qızılcayla bağlı ölüm faktlarına rast gəlinirdi. Xəstəliklə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) də təsdiq etdiyi sonuncu ölüm faktı fevral ayına təsadüf edir.

Maraqlıdır, qızılca təhlükəsi artıq sovuşub? Yaz aylarında yenidən alovlanması mümkündür? Ümumiyyətlə, yazda hansı xəstəliyə yoluxma halı arta bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, yoluxucu xəstəliklərin bitməsi bir prosesdir:

“Yoluxucu xəstəliklərin bitməsi bir an olmur. Bu proses tədricən sönməyə doğru getməlidir. Qızılca da bu şəkildə sönməyə doğru gedir. Çünki kütləvi vaksinasiya başladı, əvvəllər insanlar peyvəndlənmədən yayınırdılar, indi bunun ciddiliyini başa düşdülər. Yəni hardasa infeksiya zəncirini qırmaq mümkün oldu. Hesab edirəm ki, proses enən xətt üzrə getməlidir”.

Bununla belə həkim qarşıda bizi hansı sürprizlərin gözlədiyini bilmədiyini deyib:

“Gələcəkdə bizi hansı xəstəliklərin gözləməsini demək çox çətindir. Hər bir situasiya baş verə bilər və biz buna hazır olmalıyıq. Əsas məsələ budur ki, milli peyvənd tədbiri ilə olan bütün vaksinlərin olunmasına ciddi nəzarət edilməlidir və bir mərkəzdən idarə olunmalıdır. Vaksin olunan şəxslərin tibbi kartında bu məlumat öz əksini tapmalıdır. İndi elektron səhiyyəyə keçid var, bu məsələ üzrə dəqiq qeydiyyat aparıla bilər. Yaranmış fürsətdən istifadə edərək bu məsələ qaydaya salınmalıdır, çünki hər an hər cür sürprizlə üz-üzə qala bilərik”.