Araşdırmaya görə, sarıkök adi mətbəx ədviyyatından daha çox soyuqdəymə, öskürək, sinuzit, revmatik və dəri xəstəliklərində istifadə edilən mühüm əhəmiyyətli bitki hesab olunur.
AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, bu ədviyyatın sadalanan faydaları sırasına qaraciyər yağlanması ilə mübarizə də əlavə olunub. Bu xəstəlik insanlarda artan piylənmə nisbətləri səbəbindən getdikcə daha çox yayılır, müalicə edilmədikdə qaraciyərin iltihabına, çapıqlara və hətta qaraciyər çatışmazlığına səbəb olur.
Sarıkök, həmçinin kurkuminlə zəngin ədviyyat növüdür. Kurkumin qaraciyər xəstəliyinə səbəb olan oksidləşdirici stres və iltihabla mübarizə apardığından antioksidant kimi tanınır. Onun bu xəstəliyə qarşı faydaları, ilk növbədə, heyvanlar üzərində aparılan araşdırmalarda təsdiqini tapıb. Belə ki, kurkumin əlavəsi qaraciyərdə yağ və iltihabın azalmasına, insulinə həssaslığın yaxşılaşmasına gətirib çıxarıb.
İnsanlar üzərində aparılan araşdırmalarda isə səkkiz həftə ərzində kurkumin əlavələri qəbul edən pasiyentlərin ultrasəs müayinəsində qaraciyər yağında əhəmiyyətli azalma və qaraciyər fermentlərində yaxşılaşma qeydə alınıb.
Bununla yanaşı, daha yüksək dozada kurkumin əlavələri yan təsirlərə səbəb ola və müəyyən dərmanlarla qarşılıqlı təsir göstərə bilər.
Alimlərin sözlərinə görə, araşdırmaların nəticələri ümidverici olsa da, insanlar üzərində aparılan tədqiqatlarının sayı hələ də məhduddur. Sarıkökün optimal dozaları, uzunmüddətli təhlükəsiz qəbulu və qaraciyərin yağlanması xəstəliyinə təsirləri barədə tam dolğun məlumat əldə etmək üçün daha çox araşdırmaya ehtiyac var.