“Vətəndaşlar iş yerlərində nə qədər haqsızlıqla qarşılaşsalar da, etirazlarını, fikirlərini bildirə bilmirlər”
Bunu azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə insanlar həddən artıq sosial qayğılar içərisindədir:
“Vətəndaşların sosial qayğıları ilə bağlı problemini həll edən müəyyən bir orqan yoxdur. Əslində orqanlar, strukturlar var, amma vətəndaşların əlləri onlara çatmır. Çarəsiz qalaraq bizə, Müstəqil Həmkarlar Birliyinə müraciət edirlər. Biz də araşdırırıq və müvafiq dövlət strukturlarla əlaqə yaradıb problemin həllinə kömək eləməyə çalışırıq. Bizə daha çox sosial problemlərə məruz qalan qazilərimiz müraciət edir. Ümumiyyətlə, biz çalışırıq ki, vətəndaş özünü müdafiəsiz hiss eləməsin və Müstəqil Həmkarlar Birliyi vətəndaşın bir güvən yeri olsun”.
Fuad Əliyevin sözlərinə görə iş yerlərdə treninqlər keçirilməlidir, insanların mariflənməsi istiqamətində işlər görməlidirlər:
“Vətəndaşın diqqətinə çatdırırıq ki, heç nədən, heç kimdən çəkinmədən öz sosial hüquqları uğrunda mübarizə aparsınlar. Məsələn, iş yerlərində nə qədər haqsızlıqla qarşılaşsalar da, etirazlarını, fikirlərini bildirə bilmirlər. Hər ay onların əmək haqqından Həmkarlar İttifaqına 6-7 manat tutulur. Amma Həmkarlar təşkilatı bu gün o işçinin, vətəndaşın əmək haqlarının müdafiəsində durmur. Vətəndaş isə illərdir beləcə susqun vəziyyətdə işinə davam edir. Müstəqil Həmkarlar Birliyi olaraq onları başa salırıq ki, susmaq yox, danışmaq, öz hüququnu müdafiə etmək lazımdır. Həmkarlar Konfederasiyası, Həmkarlar İttifaqları Respublika Komitələri bu insanlarla əlaqə saxlamırlar, onların hüquqlarını qorumurlar.
Hesab edirəm ki, iş yerlərdə treninqlər keçirilməlidir, insanların mariflənməsi istiqamətində işlər görməlidirlər. Vətəndaş Həmkarlar Təşkilatının üzvüdürsə, onda işlədiyi yerdə rəhbərlikdən, müdriyyətdən özünün əmək hüquqlarından tutmuş, onu müdafiəsi ilə bağlı tələblərini ortaya qoysunlar. Yox, əgər bunu etmirlərsə, o zaman Həmkarlar İttifaqının üzvlüyündən çıxsınlar və buyursunlar qoşulsunlar bizim Müstəqil Həmkarlar Birliyinə. Biz vətəndaşlarımızı dəstəkləməyə, hüquqlarını qorumağa hazırıq”.