Arıqlamaq üçün düzgün qida rasionu ilə bağlı çoxsaylı məlumatlara rast gəlmək olar. Diqqət etsək, pəhrizlə bağlı məlumatların rəy bölmələrində “Çəkimi artırmaq üçün nə etməliyəm?” sualına da rast gəlirik. Hətta “Necə arıqlaya bilərəm?” sualından daha çox “Necə sağlam kökələ bilərəm?” sualı verilir.
Ümumilikdə isə insanlar iki şeydən - artıq çəkilərindən və çəki ala bilməmələrindən şikayətlənirlər. Əksəriyyətin kökəlməsi daha asan olsa da, iştahası zəif olan və arıq insanlar üçün yeməyə çalışmaq o qədər də asan olmaya bilər. “Çəki almaq istəyirəm” deyirsinizsə, sağlam çəki artımını tezbazar yeməklərlə deyil, qida dəyəri yüksək təamlarla təmin etmək ən doğru yoldur.
Bəs hansı formada və necə qidalanmaq lazımdır ki, sağlam şəkildə çəki ala bilək?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını diyetoloq Leyla Nur cavablandırıb.
Diyetoloq Leyla Nurun sözlərinə görə, çəki almaq istəyərkən artım müşahidə etmirsinizsə, bunun səbəblərini mütləq dəqiqləşdirmək və aydınlaşdırmaq lazımdır:
“Çəki almaq üçün normadan artıq və yağlı qidalar istehlak etmək şərt deyil. Bu, heç sağlam kökəlmək də sayılmır. Ola bilər ki, o insanlarda metabolizm sürətlidir və istehlak edilən qidalar orqanizm tərəfindən tez bölünür, yanaraq enerjiyə çevrilir. İkinci səbəb isə istehlak üçün seçilən qidalarla bağlı ola bilər. Bəzi insanlar gündəlik qida rasionlarında lifli qidalara, tərəvəzlərə üstünlük verirlər. Bu da onları gün boyu tox tutduğu üçün aclıq hiss etmirlər. Azkalorili qidalar da təbii olaraq çəki artımına kömək etmir.
Bəzi insanlarda isə müxtəlif sağlamlıq problemləri ola bilir. Söhbət daha çox endokrinoloji problemlərdən gedir. Məsələn, qalxanabənzər (tiroid) vəzinin normadan artıq fəaliyyətdə olması səbəbindən hipertiroid xəstəliyi yaranmağa başlayır. Bu zaman da insanlar kökələ bilmirlər. Bu zaman həmin insanların özbaşına davranmamaları və həkim-endokrinoloqun nəzarəti altında müalicə götürməlidirlər”.
Bəs necə etmək lazımdır ki, çəki artıran zaman gözəl bədən quruluşumuzdan məhrum olmayaq?
Diyetoloq deyir ki, qidalanma proqramı balanslı təşkil edilməklə yanaşı, mütləq qaydada idman proqramı da onunla paralel aparılmalıdır:
“Yəni idman hərəkətləri istehlak edilən qidaların tərkibindəki kalorinin əzələ kütləsi hesabına qazanılmasına səbəb olur. Bu da piylənmənin qarşısını alır. Eləcə də gözəl bədən quruluşunun pozulmamasına, formada qalmağa kömək edir.
Sağlam kökəlmə zamanı hər bir şəxsə individual yanaşılır və gündəlik sərf etdiyi enerji hesablanmalıdır. Buna müvafiq olaraq qida rasionu tərtib edilir. Qidalanma ilə bağlı istər çəki almaq üçün, istərsə də çəki atmaq üçün tərtib ediləcək menyularda qida seçimi düzgün aparılmalıdır. Sağlam qidalara üstünlük verilməlidir. Çəki almaq üçün həddən artıq və sağlam olmayan qidalara üstünlük vermək olmaz. Qidalanmanın təşkil edilməsi zamanı qidaların çeşidlənməsinə və balansına diqqət etmək önəmlidir. Çünki orqanizm lazım olan bütün makro və mikroelementləri gündəlik qidalardan ala bilməlidir”.