NASA alimləri Beynəlxalq Kosmik Stansiyanın çəkisiz mühitində aparılan tibbi təcrübələr sayəsində xərçənglə mübarizədə "çılğın irəliləyiş" olduğunu açıqlayıblar.
Bizimyol.info xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri xərçəngə qalib gəlmək üçün kosmos tədqiqatlarında sürətli irəliləyiş əldə edildiyini bəyan ediblər. Yer səthindən təqribən 400 kilometr yüksəklikdə orbitə çıxan Beynəlxalq Kosmik Stansiyada (BKS) son missiyası zamanı xərçəng xəstəliyinin araşdırılması ilə məşğul olan astronavt həkim Frank Rubio kosmosun “tədqiqat üçün unikal yer” olduğunu bildirib. Rubio qeyd edib ki, xərçəng hüceyrələri ilə bağlı araşdırmalar kosmik mühitdə daha sürətli aparıla bilər.
Araşdırmaların xərçəng dərmanlarının daha təsirli olmasına kömək edə biləcəyini ifadə edən NASA rəhbəri Bil Nelson, "çəkisiz mühitin" faydalarını vurğulayıb. Nelson, cazibə qüvvəsi səbəbindən molekulyar strukturların Yerdə olduğu kimi bir yerə yığılmadığını söyləyib. “Onlar kosmosda asılı vəziyyətdədirlər. Bu, onların strukturlarını təhlil etməyi asanlaşdırır”, - deyə bildirib. Nelson həmçinin, dərmanlar üzərində aparılan araşdırmalar sayəsində "uzun və ağrılı kimyaterapiya müalicələri" yerinə həkim otağında iynə ilə tətbiq oluna bilən xərçəng dərmanının inkişaf etdirilməsinin mümkün ola biləcəyini ifadə edib.