Müasir dövrdə gündəlik həyat vərdişləri oynaqların erkən yaşda kirəclənməsinə səbəb olur.
Medicina.az xəbər verir ki, Ortopediya və Travmatologiya üzrə uzman Prof. Dr. Fahri Ərdoğan bu prosesi nələrin sürətləndirdiyindən və artritdən qorunmağın yollarından bəhs edib.
Dr.Fahri Ərdoğanın sözlərinə görə, genetik pozğunluqlar, irəliləyən yaş və menopoz sonrası osteoporoz kimi bir çox faktor oynaq və qığırdaq aşınmasına səbəb ola bilir, həmçinin gündəlik həyatda yol verilən bəzi səhvlər kalsifikasiya prosesini sürətləndirir.
O, artritə səbəb olan 5 mühüm səhvi sadalayıb:
1.Hərəkətsizlik
Hərəkətsizlik oynaqları zəiflədir, qığırdaqların sürətlə məhvinə səbəb olur və kalsifikasiyanı sürətləndirir. Düzgün və müntəzəm məşq oynaqları qoruyur.
2. Artıq çəki
İdeal çəkidə qalmaq vacibdir. Çünki əks halda oynaqlara daşımalı olduğundan daha ağır yük düşür, bu da aşınmanı sürətləndirir.
3. Oynaqların həddən artıq yüklənməsi
Oynaqların hərəkətlərini gərginləşdirən səviyyə və intensivlikdə olan hərəkətlər zərərlidir. Buna görə də tullanma hərəkətləri zamanı diqqətli olmaq, gündəlik həyatda və ya məşq zamanı həddən artıq yük qaldırmamaq lazımdır.
4. Duruş pozuqluğu
Yanlış duruş və oturuş oynaqların aşınmasını artırır. Bu səbəbdən duruş pozğunluqlarını düzəltmək, xüsusilə əzələ və oynaq gərginliyini azaldacaq, oynaq ətrafındakı əzələ qruplarını gücləndirəcək məşqlər etmək lazımdır.
5.Siqaret və alkoqol
Ümumi sağlamlığa zərərləri danılmaz olan siqaret və spirt istifadəsi oynaqlara da dolayısı ilə mənfi təsir edir. Siqaret və alkoqolun orqanizmdəki orqanların işini pozması və qanda baş verən dəyişikliklər səbəbilə oynaqlar yaxşı qidalana bilmir. Nəticədə aşınma sürətlənir və ya aşınmaya səbəb olacaq digər xəstəliklər inkişaf edir.