Misirdə Azərbaycan xalçaçılıq sənəti kursunun yeni müdavimləri ilə görüş keçirilib

28
Noy
2023
11:42

 

Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin tədrisi davam etdirilir.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov Azreform.info-ya bildirib ki, Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunması məqsədilə yaradılmış kursda xalça ustası 57 yaşlı Camal Məhəmmədin rəhbərliyi ilə müxtəlif ölkələrdən 65 tələbə bu qədim sənətin sirlərinə yiyələnmişdir. Misirdə xalçaçılıq sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Hazırda yüzlərlə tələbə gələcək kurslarda iştirak etmək üçün öz növbəsini gözləyir.

Cəmiyyətin sədri, tədqiqatçı-alim S.Nəsirov xalçaçılıq kursunun iştirakçıları ilə görüşdə bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətləri həyata keçirir.
S.Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan dövləti xalqımızın məişətində özünəməxsus yer tutan xalçaçılıq sənətinə böyük qayğı göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir.

Tədbirdə çıxış edən xalça ustası Camal Məhəmməd Azərbaycan və Misirdə xalçaçılıq sənətindən bəhs edərək onlar arasında fərqi izah etmişdir. Tədbirin sonunda yeni müdavimlərə Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində xalçaçılıq sənəti kursunda iştirak etmiş tələbələrin toxuduğu ilk xalça nümayiş etdirilmişdir.

Qeyd edək ki, xalçaçılıq sənəti ilə yanaşı, hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili, muğam sənəti və digər fənlər üzrə kurslarda 55 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.