Fuad Əliyev: Bu ssenari ən çox bir tərəfi və separatçıları qane edirdi

7
Mar
2024
10:20

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında Şuşa haqda danışıb. “Yeni Müsavat”ın bildirdiyinə görə, əvvəlcə XİN rəhbəri deyib ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri korlamaq siyasətini davam etdirir və şüurlu şəkildə Dağlıq Qarabağla bağlı baş verənlərə görə Rusiyanı günahlandırmaq siyasətindən əl çəkmir.

Lavrovun Paşinyana və Ermənistan hakimiyyətinə Şuşa məğlubiyyətini xatırlatması təsadüfi deyil. Çünki bu şəhər azad edildikdən sonra Ermənistan üçtərəfli sənədi imzalamağa məcbur oldu. Lavrov ermənilərin “Şuşa yarasına duz basmaqla” nə demək istədi? Ən mühüm şəhərin itirilməsində Paşinyanın günahkar olduğunu niyə erməni ictimaiyyətinin yadına saldı? 

Prezidentliyə keçmiş namizəd, siyasi ekspert Fuad Əliyevin fikrincə, Lavrov o zaman üçün “Dağlıq Qarabağ”a status verilməsini nəzərdə tutaraq azərbaycanlı qaçqınların Şuşaya qaytarılması təklifini xatırladıb: 

“Azərbaycan birmənalı şəkildə status tələblərini rədd edirdi. Prezident dəfələrlə bəyan etmişdi ki, Qarabağ ermənilərinə də, Dağlıq Qarabağa da heç bir muxtariyyət, imtiyaz olmayacaq. Onlar üçün ən yaxşı status hamı kimi Azərbaycan vətəndaşlığını qəbul edərək eyni hüquqlara malik olmaq idi. Amma həmin dönəmdə hadisələrin inkişafı başqa məcrada getdi və nəinki Şuşanın saxlanması, bu gün Xankəndi belə separatçılardan təmizlənib. Ola bilsin ki, Rusiya mənzərəni belə görmək istəyib, Paşinyan isə razı olmayıb. Çünki o status-kvo hər iki tərəfi qeyri-müəyyənlikdə saxlayır, sülhməramlıların Qarabağda qalmasını təmin edirdi. Təsəvvür edin - Şuşada həm azərbaycanlılar, həm ermənilər yaşayır, patrul xidməti təşkil olunur, sülhməramlılar bölgəyə nəzarət edir, nəticədə 5 ilin tamamında Bakı və İrəvandan rus hərbçilərin qalma müddətinin uzadılması təklif olunur, arqument də belədir ki, hər iki xalq birgəyaşayışa hazır deyil. Bu ssenari ən çox bir tərəfi və separatçıları qane edirdi”.

Fuad Əliyevin sözlərinə görə, indi sülhməramlıların regionda qalmasına heç bir ehtiyac yoxdur və Lavrovun Şuşa xatırlatması erməni cəmiyyətini Paşinyana qarşı qaldırmaq, hər şeyin onun günahı ucbatından belə yekunlaşdığını bildirmək məqsədi güdür:

“Şübhəsiz ki, Paşinyan da Qarabağda separatizmin və erməni silahlı qüvvələrinin qalmasında maraqlıydı. Ancaq saxlamağa gücü çatmazdı. Son 3 ildə onun Qarabağla əlaqəsi sıfıra enmişdi. Nəticədə antiterror əməliyyatı ilə Ermənistanın götürdüyü və yerinə yetirmədiyi öhdəlik ordumuz tərəfindən icra olundu, "boz zona" təmizləndi".