Fuad Əliyev: Ölkənin sosial-iqtisadi tərəqqisi regionların iqtisadi inkişafından asılıdır

6
Mar
2024
10:02

İnkişaf etmiş ölkələrin də təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi tərəqqisi regionların iqtisadi inkişafından əhəmiyyətli dərəcədə asılıdır

Bu sözləri Azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, sosial-iqtisadi inkişaf prosesinin müxtəlif aspektləri vardır:

“Hesab edirəm ki, bunlara cəmiyyətin müxtəlif strukturlarında dəyişikliklər, milli istehsalın və əhali gəlirlərində artım və s. aid etmək olar. Dinamik iqtisadi inkişaf ölkə ərazisindəki iqtisadi və sosial resurslardan düzgün şəkildə istifadə olunmalıdır. İlk növbədə burada həyata keçirilən iqtisadi siyasətdən və onun düzgün şəkildə reallaşdırılmasından ibarətdir. Ölkəmizdə hal-hazırda həlli vacib sayılan problemlərdən biri də regionların sosial-iqtisadi aspektdən inkişafının daha da artırılması, regionlar arasında mövcud olan və özünü kəskin şəkildə biruzə verən fərqlərin aradan qaldırılması və regionlarda produktiv məşğulluğa nail olunmalıdır”.

Fuad Əliyev bildirir ki, tədqiqatlara əsasən, regionların sosial-iqtisadi cəhətdən inkişafı hər bir ölkənin bu yöndə olan tərəqqisinin mühüm bir göstəricisidir:

“Bu baxımdan, regionların sosial-iqtisadi cəhətdən inkişafı dövlətin iqtisadi prioritetləri arasında mühüm yer tutmalıdır. Əvvəlki illərə nəzərə saldıqda görə bilərik ki, regionların sosial-iqtisadi yüksəlişinə o qədər də çox diqqət yetirilməmişdir. Məhz bu səbəbdən regionlar arasında inkişafda kəskin fərqlər nəzərə çarpır. Ölkəmizin zəngin təbii resurslara malik olması və əlverişli mövqedə yerləşməsi onun sosial–iqtisadi tərəqqisinə şərait yaradan amillərdən biridir. Təəssüf ki, bu resurslar regionlar üzrə qeyri-bərabər bölündüyü üçün regionların inkişafı arasında kəskin fərqlər mövcuddur. Bir çox infrastruktur, sənaye sahələrinin paytaxtda cəmləşməsi nəticəsində insanların buraya axınına səbəb olmuşdur. Bu isə regionların təsərrüfatının inkişafına mənfi təsir göstərit. Hesab edirəm ki, dövlət regional sosial–iqtisadi inkişafı təmin etməlidir. Birinci növbədə regionlarda yeni iş yerlərinin yaradılması işinə təkan verməlidir. Yeni istehsalat şirkətləri, o cümlədən, kiçik və orta sahibkarların fəaliyyətini yenidən təşkil etmək. Regionların investisiya cəlbediciliyini artırmaqla bölgəyə yeni sərmayəçilərin cəlb edilməsinə nail olmaq”.

Fuad Əliyevin fikrincə, dövlətin və vətəndaşların qarşılıqlı sosial məsuliyyəti ümumdövlət maraqlarına xidmət etməlidir.