Fuad Əliyev: Ermənilər Baydendən daha artığını gözləyirdilər

4
Mar
2024
08:48

ABŞ-ın Miçiqan ştatında yerləşmiş ermənilər Demokratlar Partiyasının bu ştatda keçirdikləri ilkin seçkilərdə Baydeni boykot edərək “boş səs” veriblər.

“Yeni Müsavat” bildirir ki, bu barədə ABŞ-da nəşr olunan “The Armenian Weekly” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Miçiqanda yaşayan ermənilər Baydeni azərbaycanpərəst hesab etdiklərindən belə qərar qəbul ediblər. Qeyd edilir ki, Amerika Erməni Milli Komitəsi (ANKA - Armenian National Committee of America) də bu barədə qərar qəbul edib.

Maraqlıdır, erməni lobbisi ən erməniyanlı Ağ Ev hakimiyyətindən niyə üz döndərib? Halbuki Bayden qədər ermənipərəst ABŞ lideri olmayıb. Onun qondarma soyqırımı tanıdığını bəyan etməsi hər nə qədər ermənilərin seçkidə səsini qazanmağa hesablanmış olsa da, faktiki bu ifadəni dilinə gətirib.

Əksinə, bizim haqqımız çatır ki, Baydeni ermənipərəst adlandıraq. Amma göründüyü kimi, Miçiqan erməniləri onu azərbaycanpərəst çıxarmağa çalışıblar. Yeri gəlmişkən, Azərbaycana torpaqların işğal edildiyi bir zamanda hərbi yardımları qadağan edən bədnam “907-ci düzəliş”in həmmüəlliflərindən biri də elə Baydendir. Necə ola bilər ki, indi bizə qahmar çıxsın?!

 

Siyasi şərhçi Fuad Əliyev isə bu qənaətdədir ki, ermənilər Baydendən daha artığını gözləyirdilər: 

“Erməni lobbisi xərclədiyi pulların batdığını başa düşür. Onlar yandığından acıq çıxmaq üçün seçkidə Baydeni cəzalandırdıqlarını göstərmək istəyirlər. Erməni diasporu gözləyirdi ki, ABŞ Azərbaycana sanksiya tətbiq etməlidir, ermənilərin Xankəndinə qaytarılması üçün güclü basqı etməlidir, həbsdə olan separatçı liderlərin azad edilməsi üçün təzyiqləri artırmalıdır. Bir sözlə, onlar ABŞ prezidentindən mümkün olmayanları tələb edirlər. Başqa bir səbəb isə Demokratlara etimadsızlıq nümayiş etdirməkdir. Bununla belə, seçkidə ermənilərin əksəriyyətinin məcburiyyət qarşısında yenə də Baydenə dəstək verəcəyini düşünürəm. Çünki Tramp onların arzularının bir faizini belə ifadə etməyəcək”. 

 

Fuad Əliyev Baydenin kifayət qədər ermənipərəstlik etdiyini düşünür: 

“Daha nə etməlidir ki? Biz bu müddətdə Ağ Ev rəhbərindən Azərbaycanla bağlı təqdirəlayiq mövqe görmədik. Dövlət Departamentinin hesabatında Qarabağdakı erməni abidələrinin dərdini çəkirlər, O,Brayen ölkənin rəsmi mövqeyini Senatda ifadə edir, bir sıra konqresmenlər ermənilərə xidmət göstərirlər, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi məhz Baydenin prezidentliyi dönəmində İrəvana gedərək qondarma genosid abidəsinin önündə saxta göz yaşları axıdır... Yəni daha nə etməlidirlər? ABŞ yeganə dövlət idi ki, Qarabağ separatçılarına müxtəlif layihələr və adlarla maliyyə ayırırdı. Bunu rəsmi şəkildə heç bir ölkə etməyib və Azərbaycan Prezidenti də bu məsələni xüsusi vurğulayıb. Görünür, ABŞ liderindən yenə separatizmə dəstək istənilir. Ancaq onların hiyləsi var. Başa düşürlər ki, Bayden uduza bilər. Onun reytinqi getdikcə aşağı düşür. İnanmıram ki, qoca Bayden qalib gəlsin. Tramp ağıllı və praqmatik siyasətçidir. Ona görə də Miçiqan ştatında boykot ermənilərin Demokratlara naz etməsi, incik düşdüklərini göstərmə cəhdləridir”.