Ölümə səbəb olan sürücü həbs edildi - 185 min manat təzminat istənilib

28
Fev
2024
17:49

Pirallahı Rayon Məhkəməsində ötən ilin avqust ayında Pirallahı-Gürgən yolunda ağır qəza törətmiş 1998-ci il təvəllüdlü Şükür Fərziyevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə Ş.Fərziyevi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.

Qeyd olunub ki, avqustun 16-da saat 22 radələrində Pirallahı rayonunun S.Vurğun küçəsində Ş.Fərziyevin idarə etdiyi “Kia” markalı avtomobil yolun əks hərəkət zolağına çıxıb.

Nəticədə avtomobil öz yolu ilə hərəkət edən 1967-ci il təvəllüdlü Əkbər Zeynalovun sürdüyü “Mercedes”ə çırpılıb. Ə.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə baş verən gün Ş.Fərziyevin spirtli içki qəbul etməsi məlum olsa da, ekspertiza zamanı onun qanında spirt aşkar edilməyib.

Məhkəmədə mərhum Ə.Zeynalovun ailəsi Şükürə ən ağır cəzanın verilməsini tələb edib. Onlar təqsirləndirilən şəxsə qarşı 15 120 manat maddi zərər, 50 000 manat mənəvi zərər, 2034-cü ilin fevral ayına kimi hər ay 1000 manat pul, qiymətləndiriciyə xidməthaqqı üçün ödənilmiş 200 manat və dövlət rüsumu üçün ödənilən 289 manatın (ümumilikdə 185 609 manat) tutulmasını da mülki iddiada irəli sürüblər.

Pirallahı Rayon Məhkəməsi Ş.Fərziyevi qeyd edilən maddə üzrə təqsirli bilib. Ona 2 il sürücülük hüququndan məhrum edilməklə 5 il 3 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs  edilib. Həmçinin təqsirləndirilən şəxsdən 16 609 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçıya ödənilməsinə qərar verilib.