"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər.
S.İsmayılova efirə az çıxmasının səbəbini açıqlayıb:
"Sənətkarların çoxu isə tez-tez efirdə olur. Aparıcı sənətkarın yanında 2, 3 il, 1 aydır çıxan ifaçıya da sənətkar, ona da sənətkar deyir. Bu, dəhşətdir, ayıbdır. Evdə otururam, baxıram və mənə pis təsir edir. İllərini bu insanlar sənətə sərf ediblər. Biz sənətkar deməliyik. O birinə isə, öyrənirsən, bəlkə gələcəyin yaxşı olacaq. Bir-iki mahnı oxuyub, o kanala gedir, bu kanala gedir. Bunları görəndə adam dala çəkilmək istəyir. İllərlə qazandığın hörməti belə edə bilməzsən. Bunları qəbul edə bilmərəm. Ona görə də uzağam. O aparıcılar üzərlərində işləməlidir.
Bir də görürsən sual verir, özü danışır. Bir dinləmək mədəniyyətin olsun. Bir dayan, nəfəs al, gör, nə deyir. Cavab verə bilməyəndə, danış, istiqamətləndir".