Xəbər verdiyimiz kimi, Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın xalq artisti Leyla Şərifova cənazəsinin yandırılması ilə bağlı vəsiyyət edib. Bu məsələ müzakirələrə səbəb olub. Maraqlıdır, müsəlman şəxsə başqa dinə uyğun qaydada dəfn mərasimi keçirilə bilərmi?
Mövzunu “Yeni Sabah”a şərh edən ilahiyyatçı Ağa Hacıbəyli bu suala ətraflı cavab verib:
“İnsanlıq aləmi elə bir yerə gəlib çatıb ki, dünyamız bir atəş topu ilə oynayır. Dünyada təkcə cənazələr yox, eyni zamanda məmləkətlər, millətlər, ailələr yandırılıb talan edilir. Bu acı mənzərəni seyr etdiyimiz zaman bütün varlığımız tir-tir əsir. Açığı, belə xəbərləri eşidəndə insan çox da kədərlənmir. Zaman-zaman üz tutduğumuz və qiblə olaraq gördüyümüz ölkələr son anda cənazələrimizə od, atəş vurulmağını istəyir. İstər Almaniya, istərsə də, Yaponiya, Avropa və Amerika ölkələrinin fərqli mədəniyyətləri mövcuddur. Əgər bir insan Quranı, İslamı inkar edib, olduğu ölkənin adət-ənənələrinə uyğunlaşarsa, bu dinimizdən kənar bir məsələyə çevrilir və o kəsin fərdi düşüncə və istəklərinə əsaslanır. Amma müsəlman olan birinin öldükdən sonra başqa bir dinin qanunlarına uyğun olaraq dəfn edilməsini istəməyi dinimizcə caiz bir tələb sayılmır”.
İlahiyyatçı bildirib ki, sözügedən vəsiyyəti yerinə yetirməmək savab işdir:
“İslam dini həm insana, həm də onun cənazəsinə böyük dəyər verir. Bir insan əgər ölümündən öncə hər hansı bir şeyi vəsiyyət edirsə və bu islam dininin qayda-qanunlarına uyğun deyilsə, yaxınları bu vəsiyyəti yerinə yetirməməklə böyük savab qazanar. Həmin xanımın da nəşi əgər hələ də yandırılmayıbsa, yaxşı olar ki, imkan daxilində onu dinimizə uyğun bir formada dəfn etsinlər. Bunu edən kəslər böyük bir savab qazanmış olar”.