Millət vəkili Fazil Mustafa Naxçıvanda qadının küçənin ortasında kişini döyməsinə sərt reaksiya verib.
Azreform.info xəbər verir ki, deputat döyənin və döyülənin cinsiyyətinin əhəmiyyət kəsb etmədiyini deyib.
"Naxçıvandan bir zorakılıq səhnəsini əks etdirən video paylaşıblar. Maraqlı ad tapıblar: "Naxçıvanda qadın küçənin ortasında kişini döydü". O yerdə ki zorakılıq, şiddət var, belə bir başlıq qadın vəhşiliyinə qarşı insanlarda ciddi bir hiddət yarada bilir. Motivi nə olmasına baxmadan küçənin ortasında qadın tərəfindən bir kişiyə qarşı aşkar zorakılığın şahidi oluruq. Hətta polis də adamı qadının əlindən almaqda çətinlik çəkir. Məncə, bu cür səhnələr üçün daha fərqli başlıq seçmək olar: "Naxçıvanda bir dişi bir erkəyi yol qırağında parçalamaq istədi". Yəni məsələnin hüquqi və estetik baxımdan bir qadın və ya kişi obrazı ilə əlaqəsi yoxdur. Dişi və erkək ifadələri heyvani təbiəti daha çox göz önünə gətirir. Çünki nə qadın bu cür vəhşiliklə davranmalıdır, nə də kişi bu cür ləyaqətsiz duruma düşməlidir. İşin doğrusunu Allah və mahiyyətini isə polis bilər", - o qeyd edib.