Maştağada 1 saylı internat tipli tam orta məktəbdə iki yeniyetmənin səbəbsiz yerə təhsildən uzaqlaşdırıldığı iddia olunur.
Bununla bağlı Oxu.Az-a şikayət məktubu daxil olub. Təhsildən uzaqlaşdırılan yeniyetmələrin valideyni iddia edir ki, məktəbdə uşaqlara yemək az verilir, uşağa deyiblər ki, “sən gələcəyin narkomanısan”, işçilər valideynlərdən borc pul tələb edirlər.
Valideyn qeyd edir ki, məktəbdə tərbiyəçi işləyən Nəsib adlı şəxs onun övladını döyüb və yüngül xəsarət yetirib. Bundan əlavə, tərbiyəçi uşağı təhdid edib və bu haqda heç kimə danışmamağı tapşırıb.
Valideyn qeyd edib ki, direktor İsmayıl Əliyevlə söhbəti zamanı uşaqların təhsildən uzaqlaşdırılmasına etiraz edərkən direktorun cavabı: “Get, hara istəyirsən, şikayət et”, - olub.
Qeyd edilib ki, hazırda hər iki uşaq - S.A. (15 yaş) və M.A. (14 yaş) 2023-cü ilin noyabr ayından məktəbə getmir.
Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib ki, araşdırma zamanı iki şagirdin təhsildən uzaqlaşdırılması ilə bağlı məsələ toplanmış sənədlərlə təkzib edilib. Məlum olub ki, hər iki şagird hazırda həmin məktəbin şagird kontingenti siyahısındadır:
“Sözügedən şagirdlərin dərslərdə mütəmadi qaydada iştirak etməsinə nəzarətlə bağlı direktora müvafiq tapşırıqlar verilib”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev söyləyib ki, 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil ocağının iki şagirdi hazırda məktəbdədir.
“Onlara xəsarət yetirilməsi ilə bağlı müraciət üzrə müvafiq polis orqanında təhqiqat araşdırması aparılır. Nəticəsi barədə məlumat veriləcək”, - Nurlan Əliyev bildirib.