"Son günlər bacım Aygün Bəylərin yanında olduğum üçün indi onun haqqında danışmaq çox çətindir. Sadəcə, bir söz demək istəyirəm ki, çox heyif... Aygünü tək biz itirmədik, bütün xalq, Bakının bütün kəndləri, bizim kəndimiz itirdi".
Bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Aynur Hümbətova "Bakı gündəliyi" verilişinə müsahibəsində deyib. O, bacısı ilə olan münasibətlərindən danışıb:
"Efirdə bunu demirdi, amma qayğımıza qalıb. Bizə bacı yox, ana olub. Bizim aramızda böyük, balaca bacı fərqi qoymayıb. Hamımız onun sözü ilə addımlamışıq. Deyirdik, gülürdük, amma sərtliyi var idi. Bizi hər şeydən qoruyurdu".
A.Hümbətova xanəndənin son arzusundan - solo konsertindən bəhs edib:
"Onun son arzusu baş tutdu. Konsert arzusu gerçəkləşdi. Biz bilmədik vaxt necə uçdu. Bilirdik ki, Aygünün son addımlarıdır. Hər an hər şey gözləyirdik. İstəyirdik, heç konsert baş tutmasın, bir il də yaşasın. Övladını doyunca bağrına bassın. Son nəfəsinə qədər ümid edirdi ki, bundan da çıxacaq".
Qeyd edək ki, Aygün Bəylər uzun sürən xərçəng xəstəlikdən sonra Ankarada müalicə aldığı xəstəxanada yanvarın 6-da dünyasını dəyişib.
Axşam.az