Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən Azreform.info -a bildirilib ki, aparılan araşdırma zamanı həmin avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Xaçmaz rayon sakini Namiq Ağayev olduğu məlum olub.
Törətdiyi əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsi ilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb.
Baş DYP İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırıb.