Xərçəng xəstəliyi dövrümüzün ən böyük kabuslarındandır. Ancaq son günlər xərçəngin peyvəndinin tapıldığı ilə bağlı xəbərlər yayılır. Hətta Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı deyib ki, Rusiya xərçəngə qarşı vaksinlər yaratmaq üzərində işləyir. "Artıq vaksin yaratmağa bir addım qalır”, deyə o bildirmişdi.
"Focus" jurnalındakı məqalədə isə bildirilir ki, "BioNTech" mütəxəssisləri ağciyər xərçənginin bir növünə qarşı anticisim əldə ediblər. Döş xərçənginə qarşı dərmanın hazırlanması üzərində də iş aparılır.
Mövzuya münasibət bildirən professor Adil Qeybulla hesab edir ki, xərçəng xəstəliyinə tamamilə qalib gəlmək qeyri-mümkündür. Professor bunu onunla izah edir ki, xəstəlik çox vaxt gizli inkişaf edir.
Adil Qeybullanın sözlərinə görə, peyvənd orqanizmdə müdafiə sistemi yaradır. Amma bu müdafiə sisteminin xərçəng kimi müxtəlif toxumaların çoxsaylı törəmələrinin və müxtəlif vəziyyətlərdə olan törəmələrin öhdəsindən gələ biləcəyi məntiqli görünmür.
Məsələ ilə bağlı Səhiyyə Nazilriyindən "Xəzər Xəbər"ə bildirildi ki, gələcəkdə belə bir peyvənd hazırlanarsa və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təstiq olunaraq dünya miqyasında tətbiqi tövsiyə edilərsə, ölkəmiz də bu təcrübədən yararlana bilər. Hazırda bu istiqamətdə elmi araşdırmalar və müzakirələr aparılır. Hər hansı bir nəticələr əldə olunarsa ictimaiyyətə məlumat veriləcək.