Prezident: Biz elə daşları tərpətdik ki... Bunu bilməliyik

15
Fev
2024
14:28

 

Biz - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik.

Azreform.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev inaqurasiyada çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışında ölkənin gələcək inkişafında texnoloji inkişafı prioritet məsələ hesab edib:
"Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı hər kəs bunu gördü, antiterror əməliyyatı zamanı da. Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. 

Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq. 

Texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir".

Azreform.info