Zəngəzurdakı təxribatın şok təfərrüatları – Şübhəli yayınma

15
Fev
2024
13:07

Fevralın 12-də Zəngəzurda Zəngilan istiqamətində Ermənistanda hansı qüvvələr tərəfindən törədilməsi barədə detallar ortaya çıxmaqdadır. Ermənistanın ictimai-siyasi sferasında və mediasında təxribatın hansı qüvvələr tərəfindən törədildiyi ciddi müzakirə edilməkdədir. Hətta Ermənistan hakimiyyəti təxribatı törədən qüvvələrin araşdırılıb tapılması və onların məsuliyyətə cəlb olunması barədə ciddi tapşırıq verib. Erməni cəmiyyətində təxribatın Ermənistan Kommunist Partiyasının üzvləri və onlara bağlı qüvvələr tərəfindən həyata keçirildiyi barədə məlumatlar yayılmaqdadır.

Azreform.info xəbər verir ki, bununla bağlı Zəngəzurun (Sünik) keçmiş qubernatoru, Kommunist Partiyasının əyalət şurasının sədri, Melikset Poqosyan yaranmış vəziyyətlə bağlı "hraparak"a müsahibə verib.

Poqosyan jurnalistin "təxribat Kommunist Partiyasının üzvləri tərəfindən sərxoş halda Azərbaycan tərəfi istiqamətində atəş açması nəticəsində baş verib" sualına cavabdan yayınaraq deyib: “Sərxoş adam sərhəddə nə edir? Kommunist Partiyası öz missiyasını yerinə yetirir. Belə şeylər deyib aldadırlar, elə bir şey yoxdur".

Ermənistan Müdafiə Nazirliyinin günahkarları tapıb cəzalandıracaqları ilə bağlı bəyanatını şərh edən Poqosyan deyib ki, hərbi sahədə istənilən hadisə araşdırılmalı və qərar verilməlidir. 

"Ermənistan tərəfinin öz davranışını şübhə altına alması normaldırmı" sualına gəldikdə o bildirib ki, bu, normaldır, xidməti araşdırma aparılıb məsələ dəqiqləşdirilməlidir.

Müharibə təhlükəsinə gəldikdə o söyləyib ki, hazırda belə bir qorxu yoxdur:

"Münaqişələrə gəldikdə isə SSRİ dövründə də belə münaqişələr olub. Qonşular həmişə qonşuları ilə belə davranıblar, bu, təbiidir".

O eyni zamanda sərhəddə təxribatların baş verməsini təbii hal sayıb. 

Bu, bir daha sübut edir ki, Ermənistanda Azərbaycanla sülhün imzanmasını istəməyən yetərincə revanşist qüvvələr mövcuddur. Onlar erməni cəmiyyətini sülhdən yayındırmaq üçün istənilən təxribata əl atırlar. Lakin unudurlar ki, əl atdıqları təxribat cəhdlərinə çox sərt şəkildə cavab veriləcək və bunun ağır bədəlini ödəmiş olacaqlar.
Mürtəza
Azreform.info