San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri depressiya simptomlarının intensivliyi ilə bədən hərarətinin yüksəlməsi arasında əlaqəni aşkar ediblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Tədqiqatda dünyanın 106 ölkəsindən 20 mindən çox insan iştirak edib. Alimlər iştirakçıların psixi sağlamlıq vəziyyəti barədə məlumat toplayıb, daha sonra onlara bədən hərarətini ölçən cihaz veriblər. Könüllülər bu cihazı 7 ay ərzində üzərilərində daşımalı idilər. İştirakçılar temperatur dəyişikliyi və psixi vəziyyət barədə hər gün məlumat vermək barədə təlimatlandırılıb.
Sınaq iştirakçıları üzərində aparılan müşahidələrin nəticələri göstərib ki, onlarda depressiya simptomlarının güclənməsi əksər hallarda bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunub.
Alimlər bu cür qarşılıqlı əlaqənin təməlində hansı mexanizmlərin durduğunu hələ bilmirlər. Onlar, həmçinin depressiyalı insanlarda müşahidə olunan daha yüksək bədən hərarətinin orqanizmin özünü soyutmaq qabiliyyətinin pisləşməsini və ya müəyyən metabolik proseslərin gedişatında dəyişiklikləri əks etdirib-etdirməməsində əmin deyillər. Tədqiqatçılar ehtimal edirlər ki, depressiyalı insanlarda temperaturun azalması psixi sağlamlıq üçün faydalıdır. Bununla belə, bu iddia hələ öz sübutunu tapmalıdır.