Tökülən dişlər yenidən çıxacaq - Alimlər dərman kəşf etdi

7
Fev
2024
23:07

Yapon alimləri dişlərin yenidən böyüyüb inkişaf etməsi üçün dərman hazırlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, dişləri inkişaf etməyən, böyüməyən pasiyentlər sözügedən dərman sayəsində təbii görünüşlü dişlərə sahib ola biləcəklər.

Bu günə qədər dişlərin böyüyüb töküldükdən sonra yenidən çıxdığının uşaq vaxtı şahidi olurduq. Yəni dişlərin ən çox iki dəfə uzandığı məlum idi. Ancaq yeni bir araşdırma dişlərin üçüncü dəfə böyüyə biləcəyini ortaya qoyub. Yaponiyada bir qrup alim yetkinlik yaşına çatdıqda və ya yetkinlikdən sonra dişlərin böyüməsini təmin edəcək bir dərman hazırlayıb.

Yaponiyanın Osaka şəhərindəki Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutu tərəfindən hazırlanmış bu dərman dişlərin quruluşunda anadangəlmə problemləri olan, bəzi dişləri çıxmayan insanların sağlamlıq problemini müalicə etməyə yardımçı olacaq. Buna uyğun olaraq bəzi xəstələrdə anodontiya, yəni dişlərin tam olmaması və ya qısalması halı ola bilər və bunun tezliyi dünyada orta hesabla bir faiz təşkil edir. Bu vəziyyət tez-tez dişlərin çıxmasında uğursuzluq (dəridən əlavə anormallıqlar - ektodermal dislaps) yaradır, həmçinin saç, dırnaq, dəridə qüsurlar özünü göstərə bilir. Belə vəziyyətlərin insan həyatına mənfi təsirləri var, adətən bu, protez və diş implantasiyası kimi müalicələrlə də baş verir.

Kitano Xəstəxanası Tibbi Tədqiqat İnstitutunun stomatologiya və ağız cərrahiyyəsi şöbəsinin müdiri doktor Katsu Takahashi 90-cı illərin əvvəllərindən bəri 30 ilə yaxındır bu məsələyə diqqət yetirdiyini və sözügedən dərman üzərində işlədiyini diqqətə çatdırıb. O, Yaponiyanın “The Mainichi” qəzetinə açıqlamasında bildirib ki, dişlərin uzadılması və ya əskik dişlərin yenidən böyüməsi kimi müalicələri etmək hər stomatoloqun arzusudur: “Üzərində çalışdığımız dərmanla bu xəyalı reallaşdıra biləcəyimizdən heç bir şübhəmiz yox idi”.

Katsu Takahaşinin rəhbərlik etdiyi tədqiqat qrupu, siçanlarda diş böyüməsini məhdudlaşdıran və tətbiqlərdə “üçüncü nəsil” dişlərin (ilk süd dişləri və sonrakı daimi yetkin dişlər) böyüməsini təmin edən USAG-1 adlı geni kəşf edib. Alimlər tərəfindən hazırlanmış dərman USAG-1 adlı genin mənfi təsirini aradan qaldıran antikor kimi çıxış edir. Təcrübələr göstərib ki, bu antikorlar siçanlarda dişlərin yenidən böyüməsinə şərait yaradır. Stomatologiya dünyasında baş verən bu yenilik 2021-ci ildə “Nature” elmi jurnalında dərc olunub və dünya elmi ictimaiyyətinin diqqətini cəlb edib. Sözügedən dərmanın təkcə anadangəlmə diş problemi olan insanlara deyil, sonradan kariyes və ya digər xəstəliklərə görə dişlərini itirən xəstələrə də ümid verəcəyi gözlənilir.

Dərmanı xəstələr tərəfindən istifadəyə hazır vəziyyətə gətirmək üçün araşdırmalar sürətlə davam edir. Yaponiyanın “Mainichi” mətbuat orqanında yer alan xəbərə görə, dərmanın təhlükəsizliyi və effektivliyi təmin edildikdən sonra anodontiyanın (dişlərin anadangəlmə vəziyyətinin inkişafı olmayan) əlamətləri olan 2-6 yaş arası uşaqların müalicəsinə yardım edəcək. Bu sınaqların 2024-cü ilin iyulunda başlaması planlaşdırılır və dərman bazara çıxarılacaq, 2030-cu ilə qədər diş həkimləri tərəfindən istifadəyə hazır olacaq.