Saakaşvili Gürcüstan müxalifətinə çağırış etdi

6
Fev
2024
20:07

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili müxalifətə bu il keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürmələrini təklif edib.

Azreform.info ” xəbər verir ki, o, müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxmin edir: “Amma mənə başqalarının fikirləri də maraqlıdır”, - Saakaşvili bildirib.

O, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını müsbət qiymətləndirib. Qeyd edib ki, hesabatda ölkədəki bütün qərbyönlü qüvvələrin birləşməsinə çağırış xüsusilə önəmli məqamdır: “Oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn seçkilərdə Gürcüstanı onun caynağından xilas etmək lazımdır”.

M.Saakaşvili İrakli Qaribaşvilinin əvəzinə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin baş nazir təyin olunmasını gürcü xalqını ələ salmaq kimi qiymətləndirib.

Qeyd edək ki, M.Saakaşvili 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub. 2004-cü ilin yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib. O, daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb.

2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdıb və həbs olunub. Sabiq prezident hazırda Rustavi şəhərində həbsxanada saxlanılır.(Report)