Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində gördüyü tədbirlər çərçivəsində bir neçə özə və dövlət tibb müəssisələrində rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
Azreform.info xəbər verir ki, keçirilmiş planlı yoxlamalar zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatının və ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.
Bu da istismarı üçün icazə alınmayın qurğularla daha əvvəl yoxlanışdan keçmiş şəxslərin sağlamlığı üçün hansısa təhlükənin olub-olmaması məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı Azreform.info -a danışan tibb üzrə ekspert professor Adil Qeybulla deyib ki, rentgen kabinetlərindəki əsas təhlükə orada çalışanlara aiddir:
"Ümumiyyətlə, rentgen şüaları, kompüter tomoqrfiyası, pozitron emission tomoqrafiya kimi müayinələrdə xəstələr üçün şüa təhlükəsi var. Təhlükə deyəndə xəstələr burada müəyyən bir doza alırlar. Amma bu doza artıq sınaqdan keçirilmiş bir dozadır. Yəni saniyənin neçədə birində bədəndən keçən şüalardır. Bunlar əslində, ziyanlı olsa da, onların təhlükəsizlik parametrləri müəyyən edilib. Həmin zaman intervalında orqanizmdə ciddi bir dəyişikik getmir. Əlbəttə, bu aparatların yerləşdiyi yerdə əsas təhlükə kontingent üçündür. Xəstə müayinədən çıxır gedir, amma kontingent daim orada müayinə aparır. Ona görə də şüalanma olan otaqdan kənarda müşahidə aparan həkim və yaxud da digər texniki işçilər şüa keçirməyən şüşə arxasından baxırlar. Bu şüalar qapının digər yerlərindən bayıra çıxmamalıdır. Yəni qapılar qurğuşunla və ya digər vasitələrlə izolyasiya olunmalıdır ki, şüalar kənara çıxmasın.
Şüaların daim xaricə çıxması, ətraf, xüsusilə də tibb işçiləri üçün təhlükədir. Çünki ionlaşdırıcı şüadır və orqanizmi dəlib keçir, hüceyrələrdə mutasiya yarada bilir. Bu da gələcəkdə xərçəng şişinin inkişafına gətirib çıxara bilər. Ona görə də bu cür qurğular nəinki tibb müəssisələrində, həmçinin ionlaşdırıcı şüa mənbələrinin olduğu başqa texniki yerlərdə də mütəmadi olaraq yoxlamadan keçirilməli və nəzarətdə olmalıdır", - deyə o əlavə edib.
Billurə Yunus