Hərbçilərin maaşı artırılır

21
Noy
2023
10:07

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Azreform.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği, nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Əli Əsədov, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının maaşlarının artırılması ilə bağlı sərəncam imzalayıb.

Baş nazirin digər sərəncamı ilə mərkəzi icra hakimiyyəti orqanları bir aydan gec olmayaraq Prezidentin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.