Dünyada yarım MİLYARDDAN çox insan şəkərli diabetdən  əziyyət çəkir

18
Yan
2024
04:49

Hazırda dünyada yarım milyarddan çox insan şəkərli diabetdən əziyyət çəkir və hər il bu rəqəm artır.

Bu barədə Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün dünyanın istənilən ölkəsində müxtəlif yaş kateqoriyalarında kişilər, qadınlar və uşaqlar şəkərli diabetdir. Dünya üzrə tibbi məlumatların dərc edildiyi “The Lancet” nəşri bu rəqəmin növbəti 30 ildə iki dəfədən çox artaraq, 1,3 milyarda çatacağı proqnozunu verib.

Araşdırmalara görə, şəkərli diabetdən ölüm halları diabetdən əziyyət çəkənlərin 6%-ni təşkil edir. Bu da diabeti ölüm və əlilliyin 10 əsas səbəblərindən birinə çevirir. Qarşıdakı illərdə bu rəqəmin 12%-ə qədər artacağı istisna edilmir.

Diabet xəstəliyinin əsas əlamətləri

Normadan çox yemə və doymama hissi;
Tez-tez sidiyə çıxmaq;
Ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmə istəyi;
Halsızlıq və yorğunluq hissi;
Sürətli çəki itkisi;
Bulanıq görmə;
Ayaqlarda uyuşma;
Yaraların normaldan daha gec sağalması;
Dəridə quruluq;
Ağızdan asetonabənzər qoxu.

Diabetin ağırlaşmış forması ölümə və ya qalıcı fəsadlara səbəb ola bilər. Ona görə də əgər səhhətinizdə yuxarıda sadalanan əlamətlər varsa, və ya bu xəstəliyin hər hansı bir əlamətini hiss edərsinizsə, zamanında ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki ixtisaslı həkimlərimizə müraciət edin.

Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin əksəriyyətində həkim-endokrinoloqlar fəaliyyət göstərir. Tibb müəssisələrində diabetdən əziyyət çəkən vətəndaşlara klinik-diaqnostik laboratoriya, terapevtik və endokrinoloji xidmətlər göstərilir.

Qeyd edilən simptomları özünüzdə hiss etdikdə vaxt itirmədən ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-endokrinoloqlara müraciət edin. Unutmayın ki, zamanında və düzgün diaqnoz müalicə prosesində önəmli rol oynayır.

İlkin səhiyyə xidməti tez sağaldır!