Bayram günləri ailə və dostlarla bir araya gəldiyimiz, çeşidli yeməklərin hazırlandığı xüsusi günlərdir. Bu xoş günlərin pis xatirələrlə yadda qalmaması üçün bayram günlərində yemək hazırlama və qidalanma zamanı 6 qızıl qaydaya əməl etmək vacibdir.
Azreform.info Qida Təhlükəsizliyi Agentliyinə istinadla həmin qaydaları təqdim edir:
1. Yemək hazırlanan xammal təhlükəsiz olmalıdır: yeməklərin hazırlanmasında istifadə edilən xammalların təzə və keyfiyyətli olması mühümdür. Məhsulların istehsal və son istifadə tarixlərini yoxlamaq da vacibdir.
2. Şəxsi gigiyena qaydalarına əməl edilməlidir: yemək hazırlamamışdan əvvəl və sonra əlləri yumaq, mətbəx ləvazimatları və səthləri daim təmiz saxlamaq lazımdır.
3. Saxlanma qaydasına riayət olunmalıdır: qidaların düzgün saxlanması onların həm keyfiyyəti, həm də təhlükəsizliyi üçün vacibdir. Soyuducuya qoyulmalı olan qidalar otaq temperaturunda uzun müddət saxlanmamalıdır.
4. Çarpaz çirklənməyə yol verilməməlidir: bişmiş qidaları çiy qidalardan ayrı saxlamaq lazımdır. Bişmiş və çiy qidalar arasında çarpaz çirklənmənin qarşısını almaq üçün ayrı-ayrı doğrama lövhələri və bıçaqlardan istifadə edilməlidir.
5. Temperatura nəzarət olunmalıdır: ət və ət məhsullarının donunun açılması prosesini və bişirmə temperaturunu düzgün seçmək çox əhəmiyyətlidir.
6. Qida alış-verişi edərkən diqqətli olmaq lazımdır: Bayram süfrəsində xüsusi yer tutan balıq alarkən məhsulun təzəliyindən əmin olmaq, hazır yeməkləri alarkən isə onların istehsal və son istifadə tarixlərinə, allergiyası olan şəxslər isə qidaların tərkibindəki inqridiyentlərə diqqət yetirməlidir. Ümumiyyətlə alış-veriş zamanı tez xarab olan soyudulmuş və dondurulmuş məhsulları sonda almaq məsləhət görülür. Çünki belə qidalar bakteriyaların çoxalması üçün əlverişli mühit hesab edilir.