“Ötən il Cənubi Qafqaz üçün toqquşmalar, siyasi mübahisələr və mürəkkəb geosiyasət mövzuları ili olub”.
Bu barədə “TRT World” telekanalında yayımlanan “Strait Talk” layihəsinin növbəti buraxılışında bildirilib.
Verilişin budəfəki qonaqları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza olub.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib.
“Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”, - H.Hacıyev vurğulayıb.