“2023-cü il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasi kursu uğurla həyata keçirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, 2023-cü il Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə yadda qalıb:
“İl ərzində Rumıniya, Bolqarıstan, Almaniya, Monteneqronun dövlət və hökumət başçılarının ölkəmizə səfərləri baş tutub. İlboyu Cənubi və Mərkəzi Amerika, eləcə də Yaxın Şərq və Afrika ölkələri ilə də münasibətlər davam etdirilib. İl ərzində Yaxın Şərq və Afrika ölkələrindən olan 20 XİN rəhbəri ilə görüşlər keçirilib”.
Eyni zamanda nazir vurğulayıb ki, il ərzində 44 ölkə ilə 160 sənəd imzalanıb. 2023-cü ildə Azərbaycanın Slovakiyada Səfirliyi açılıb ki, bununla da ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndəliklərin sayı 90-na çatıb. Həmçinin Azərbaycanla Avropa İttifaqı arasında bir sıra sahələrdə dialoq davam etdirilib.