“Rəngli inqilablar”ın yeni hədəfi: Qərb Serbiyanı qarışdırır - ŞƏRH 

26
Dek
2023
08:42

ABŞ və Avropa Gürcüstan, Ukrayna, Qırğızıstan, Suriya və s. ölkələrdə həyata keçirdikləri inqilab ssenarilərini bu dəfə Serbiyada reallaşdırmağa çalışırlar. Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələri hər vəchlə ölkələrin suverenliyini təhdid edir, yeni münaqişə ocaqları alovlandırırlar. Yuxarıda adları çəkilən ölkələrdə yaşanan fəlakətlər, milyonların çəkdiyi zülm, yüzminlərin məhv olması belə, bu oyunları quranları yolundan çəkindirmir. Bu dəfə “zəif bənd” kimi Serbiya seçilib. Paytaxt Belqrad artıq neçə gündür ki, bir qrup şəxsin seçkilərin nəticələrinə etiraz adı altında keçirdiyi hücumlara şahidlik edir.

Beləliklə, dekabrın 18-də baş tutan parlament və bələdiyyə seçkilərinin nəticələrinə qarşı etirazlar təşkil olunub. Belqradda fasiləsiz mitinqlərə başlayan “Serbiya Zorakılığa Qarşı” müxalifət bloku şəhər administrasiyasının binasına daxil olmağa çalışıb, hətta içəriyə daş və pivə qutuları atıblar. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər. Serbiya Prezidenti Aleksandr Vuçiç paytaxtdakı nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

O, xalqa müraciəti zamanı bir sıra məqamlara toxunub. Dövlət başçısının sözlərindən bəlli olub ki, xüsusi xidmət orqanları iğtişaşların hazırlanması barədə əvvəlcədən məlumatlı olublar.

 

“Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq”, - o qeyd edib. A.Vuçiç söyləyib ki, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad Şəhər Administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıblar.

Beləliklə, eyni ssenari və eyni plan. Yenə də xalqdan xəbərsiz formada bir qrup şəxs spontan formada küçələrə çıxıb hökumət binalarına, əhalinin sıx toplaşdığı yerlərdə aksiyalara başlayıb. “Demokratiya ixracı” adı altında başladılan budəfəki aksiyanı “rəngli inqilablar”ın davamı adlandırmaq üçün bütün əsaslar var.

Əcnəbi politoloqlardan birinin ifadə etdiyi kimi, postsovet məkanını inqilablara sürükləyən Qərb strukturları və dövlətləri planı həyata keçirmək üçün ustalıqla zəif bənd seçir və onu reallaşdırmağa çalışırlar. Yəni bir növ “tutar-tutmaz” prinsipi ilə hərəkət edilir. Əksər ölkələrdə də planı reallaşıb. Məlum olduğu kimi, Azərbaycan da vaxtilə bu planın tərkib hissəsində olub. “Rəngli inqilablar”ın arxasında dayananların düşdüyü uğursuzluq zolağı haqqında danışarkən Azərbaycanda 2003-cü il prezident, 2005-ci il parlament seçkilərini yada salmaq kifayətdir. Həmin vaxt bəzi xarici ekspertlər postsovet məkanını bürüyən “rəngli inqilablar”ın Azərbaycandan da yan keçməyəcəyi barədə silsilə proqnozlar verirdilər. Lakin proqnozları elə proqnoz olaraq qaldı da. Səbəb nədir? Sadəcə, Azərbaycan xalqı həmin dövrdə öz müdrikliyini bir daha nümayiş etdirdi. Xalqımız sabitliyi, inkişafını və dövlət maraqlarını üstün tutdu, seçki zamanı dəstəklədiyi namizədin tərəfində dayandığını bir daha nümayiş etdirdi. Bu fakt da bir daha Azərbaycanda keçirilən seçkilərin xalqın iradəsinə əsaslandığını sübut etmiş olub.

Serbiyada da “inqilab ssenarisi”ni Qərbin planlarının tərkib hissəsi adlandırmaq olar. Mümkün ssenarinin həyata keçirilməsinə çalışıldığı açıq-aydın hiss olunur.

Maraqlı və diqqətçəkən məqam Serbiyada seçkilərin nəticələri elan olunduqdan xeyli sonra aksiyaların başlamasıdır. Seçki prosesinin gedişində nə müxalifətin, nə də müstəqillərin proseslə bağlı narazılıqları səslənmirdi. Yerli medianın da yazdığına görə, spontan formada, qəfil bir qrup insan küçələrə çıxıb etirazlarını bildirib.

Niyə məhz Serbiya?
Birincisi, məsələ ondadır ki, bu ölkə xarici siyasətdə balanslı siyasət yürüdür, Rusiya ilə yanaşı, digər ölkələrlə sıx əməkdaşlıq edir. Rusiyanı sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir.

İkincisi, Serbiya liderinin Qərb dövlətlərini hədəfə alan bəyanatları onların xoşuna gəlməyib. A.Vuçiç bir neçə dəfə Qərbin ölkəsini zəiflətməyə çalışdığını bəyan edib. Onun sözlərinə görə, Belqradda anti-Rusiya sanksiyalarına bir zənglə qoşula biləcək hökumət qurulmasını istəyirlər.

Maraqlıdır ki, seçki prosesini izləyən müşahidəçilər proseslə bağlı heç bir qanun pozuntusunun olduğunu bildirməyiblər. Lakin qəfildən sosial şəbəkələrdə rast gəldikləri qanun pozuntuları barədə məlumat verməyə başlayıblar.

Törədilən iğtişaşların arxasında kollektiv Qərbin dayandığını Rusiya da bəyan edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bunu sübut edən faktlar olduğunu dilə gətirib.

“Hər vəchlə “Maydan çevrilişləri” üsullarından istifadə edərək bu ölkədəki vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir”, - o bildirib. M.Zaxarovanın qənaətincə, bu vəziyyətə yeganə mümkün cavab konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir.

Üçüncüsü, iğtişaşları törətməklə məqsəd Serbiyanı zəiflətmək, onun Rusiyaya qarşı sanksiyalara qoşulmasını təhrik etməkdir. Bəllidir ki, öz siyasətini yeritmək üçün Qərb, ABŞ, USAID dəfələrlə oxşar ssenarilərdən istifadə ediblər - özlərinə uyğun hökumət formalaşdırıb dövləti təzyiq altında saxlamaq istəyirlər.

Dördüncüsü, Serbiyanı Kosovonun müstəqilliyini tanımağa təhrik edirlər. Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun çağırışları da var. Lakin Serbiya bununla barışmır. Yenə də burada Azərbaycanı xatırlatmaq istərdik. Qərb, onun diktəsi ilə qurulan ATƏT-in keçmiş Minsk qrupu hər vəchlə Azərbaycanın işğal faktı ilə barışmağını, güzəştlərə getməsini istəyirdilər. Nəticə də göz önündədir. Azərbaycan heç bir təzyiqi yaxın buraxmadı, öz suverenliyinə sahib çıxdı, torpaqlarını işğaldan azad etdi.

Görünən odur ki, artıq “rəngli inqilab”ın baş verdiyi Ukraynadan hər kəs dərs çıxarır. Ölkə torpaqlarında irimiqyaslı müharibə gedir, torpaqları işğal altındadır, milyonlarla insan ev-eşiyindən məhrum olub. Qərbin vəd etdiyi yardımlar isə görünmür. Təsadüfi deyil ki, Ukraynadan sonra heç bir ölkədə inqilab ssenarisi baş tutmayıb. Sadəcə, hər kəs açıq gördü ki, Qərb Ukraynada faktiki olaraq öz maraqlarını güdür.

“Report” İnformasiya Agentliyi