Təxminən 30 il əvvəl Çində zəhərləndikdən sonra gündəmə gələn Çju Linq 50 yaşında dünyasını dəyişib. Çju Linqi kimin zəhərlədiyi bilinməyib.
Publika.az xəbər verir ki, Pekindəki Tsinxua Universitetinin kimya fakültəsinin tələbəsi Zhunun həmin vaxt çox zəhərli tallium maddəsindən zəhərləndiyi məlum olub. Həkimlər belə nəticəyə gəliblər ki, Çju qoxusuz, dadsız və suda həll olunan yüngül metal olan talliumla zəhərlənib.
O, iflic olub, görmə qabiliyyətini demək olar ki, tamamilə itirib və beyni zədələnib. Uzun müddətdir gündəmi zəbt edən Çju Linq işi ilə bağlı indiyədək heç kimə qarşı hüquqi ittiham irəli sürülməyib.
Amma onun ailəsi qızlarının gözəlliyinə və akademik uğurlarına qısqanclıqla yanaşan otaq yoldaşını günahlandırıb. Qadının sinif və otaq yoldaşı San Veyə qarşı araşdırma aparılsa da, konkret dəlil əldə olunmadığı üçün heç bir iddia qaldırılmayıb.