Rusiyada əcnəbilərin deportasiyası qaydaları dəyişdirilib

25
Dek
2023
22:42

Rusiya Prezidenti Vladimir Putin ölkədə xarici vətəndaşların deportasiyası üçün yeni qaydalar müəyyən edən qanunu imzalayıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərc olunduğu portalda yerləşdirilib.

O cümlədən bu qanun deportasiya edilməli olan şəxslərin xüsusi müəssisələrdə saxlanmasına aiddir. İnzibati Xətalar Məcəlləsinə (İXM) ediləcək dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin belə yerlərdə saxlanılması 90 gündən çox ola bilməz.

Bundan əlavə, sənəd nəzarət orqanlarına deportasiyanı digər sanksiyalarla əvəz etmək hüququ verir. Əcnəbilərdən 50 min rubla qədər cərimə ödəmək və ya 200 saata qədər məcburi iş görmək də tələb oluna bilər.

Qanun deportasiya qərarına bir neçə amilin təsir edəcəyini göstərir. Bunlara əcnəbinin peşəsi, ailə vəziyyəti və gəlir səviyyəsi, habelə Rusiya pasportu almaq üçün sənədlərin təqdim edilməsi faktı daxildir.