Putinlə bağlı ŞOK İDDİA: "Gizli danışıqlar gedir, mart ayına qədər..."

25
Dek
2023
20:21

ABŞ-ın New York Times (NYT) nəşri Rusiya prezidenti Vladimir Putinin ilhaq etdiyi Ukrayna torpaqlarını saxlamaq şərti ilə Kiyevlə atəşkəs razılaşmasına hazır olduğunu iddia edib.

Musavat.com xəbər verir ki, nəşrin iddiasına görə, ötən həftə rus generallara müraciətində “Bizim olandan əl çəkməyəcəyik” deyən Putin sentyabrdan bəri vasitəçilər vasitəsilə danışıqlar masasına oturmağa hazır olduğu barədə mesajlar verir.

Qəzetin ABŞ və Rusiya mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, ictimai bəyanatlarının əksinə olaraq, Putin sentyabr ayından müxtəlif kommunikasiya kanalları, o cümlədən ABŞ və Rusiya ilə təmasda olan üçüncü ölkələrin hökumətləri ilə qeyri-rəsmi təmaslardadır. NYT-yə danışan mənbələrə görə, Rusiya lideri danışıqlar masası üçün zəmin yarandığını düşünür, çünki cəbhədəki vəziyyət hər iki tərəf üçün dalana dirənib və Qərb Ukraynaya daha az dəstək verməyə başlayıb. Bu danışıqlarda Kremlin qəbul edəcəyi mümkün razılaşmanın konturlarının cızıldığı iddia edilsə də, Rusiyanın masa arxasına oturmaq şərti ötən ilin payızında ilhaq etdiyi bölgələri özündə saxlamasıdır.

Qərb rəsmilərinin fikrincə, Rusiyanın işğal və ilhaq etdiyi torpaqları geri alacağına söz verən Kiyev administrasiyasının belə bir razılaşmaya müsbət yanaşacağına dair şübhələr var. Lakin Putin Rusiyada mart ayında keçiriləcək prezident seçkiləri öncəsi bunu xalqa qələbə kimi təqdim etmək niyyətindədir. Bununla belə, bəzi ABŞ mənbələri hesab edir ki, gələn il ABŞ-da keçiriləcək seçkilərdə Donald Tramp qalib gələrsə, Rusiya daha rahat masa arxasında əyləşə, Kreml isə seçkilərin nəticələrini gözləyə bilər.

Kremlin sözçüsü Dmitri Peskov isə bu iddiaları təkzib edib: “Biz de-nasist, demilitarizasiya və Ukraynanın neytral statusu kimi məqsədlərimizə çatanda sülh olacaq”.