Moldova Prezidenti Maya Sandu 2024-cü ildə respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə ümumxalq referendumu keçirmək niyyətində olduğunu bəyan edib.
“Azreform.info ” xəbər verir ki, o, bu barədə dövlət başçısı kimi fəaliyyətinin üçüncü ildönümü ilə bağlı videomüraciətində bildirib.
“Mandatın olduğu üç il ərzində biz evdə sülhü qoruya bildik, ölkənin müstəqilliyini möhkəmləndirə bildik, xalqla birlikdə hökumətimiz var və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başladıq. Bizim gələcəyimiz Avropa ailəsindədir və Moldova üçün hansı yolu seçdiyimizi bütün ölkəyə aydın şəkildə söyləmək lazımdır”, - Sandu bildirib.
Bununla əlaqədar Moldova Prezidenti parlamentə respublikanın Avropa İttifaqına daxil olması məsələsi üzrə referendumun təşkili üçün müraciət edib. O xatırladıb ki, prezidentlik müddətinin bir hissəsi kimi o, Aİ-yə daxil olmaq missiyasını yerinə yetirməyə söz verib.
Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının rəhbəri bildirib ki, Avropa ölkələrinin başçıları Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.